Rusiya KTMT qoşunlarının Ukraynaya yeridilməsinə eyham vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Rusiya tərəfindən ələ keçirilmiş Ukrayna ərazilərinə gətirilməsinin mümkünlüyünü istisna etməyib.
Kartapolovun sözlərinə görə, Ukraynanın işğal olunmuş ərazilərində, o cümlədən Donetsk və Luqansk vilayətlərində KTMT ölkələrindən olan “sülhməramlılara” tələbatın olacağını istisna etmək olmaz.
O, həmçinin bildirib ki, Kreml Şimali Atlantika Alyansı (NATO) ölkələrindən sülhməramlıların bu ərazilərdə görünməsi ilə “razılaşmayacaq”.
Beləliklə, Rusiya KTMT ölkələrini Ukraynaya qarşı müharibəyə sürükləməyə cəhd edir.
Xatırladaq ki, aprelin sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin Rusiyanı dəstəkləmədiyini və Ukraynaya qarşı müharibədə iştirak etmək istəyini ifadə etmədiyini bildirib.
Mayın 16-da Moskvada Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2019-cu ildən bəri ilk təkbətək sammiti keçirilib.
Görüş zamanı Vladimir Putin Ukraynadakı müharibədən danışsa da, yalnız Belarusda dəstək tapıb.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Moskva KTMT ölkələrində (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) Rusiya hərbi və ikili təyinatlı məhsulların, ilk növbədə, xarici komponentlərin istifadəsini tələb edən komponentlərin istehsalını təşkil etməyi planlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
