Ermənistanın təxribatları davam etdikcə regionda sabitlik pozulur və sərhəddə gərginlik artır. Kəlbəcər istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan düşmənə adekvat cavab verib. Ermənistanın mövqeləri darmadağın edilib, qarşı tərəf xeyli sayda texnika və canlı qüvvə itirib.

Prosesləri KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, sərhəddəki qarşıdurma Ermənistanın son dövrlərdə aldığı silahlarla bağlıdır və onlara havardarlıq edən qəyyumların sayının artmasıdır: “Bu havadarlar içərisində Fransanın mövqeyi daha açıq hiss olunur. Rusiya da qətiyyən Fransadan geri qalmır. Toqquşmalar isə göstərdi ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür. Ermənistan ordusu nə qədər silahlansa da, bunun elə bir ciddi əhəmiyyəti yoxdur. Əsas insan faktorudur ki, Azərbaycan Ordusunun motivasiyası xeyli güclüdür və təşəbbüs Azərbaycan Ordusuna məxsusdur. Elə bu səbəbdən də sərhəddə baş verən toqquşmalarda qarşı tərəf səkkiz nəfər itirdi, Azərbaycandan isə cəmi iki-üç nəfər yaralandı. Bu isə Azərbaycan Ordusunun Ermənistan üzərində yeni qələbəsi deməkdir”.
Politoloq Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşünə də toxunub. Bildirib ki, Putinlə Ərdoğanın görüşündə Cənubi Qafqazdakı hadisələr də müzakirə edilib: “Mətbuat konfransında Ərdoğan birinci Qarabağın, sonra isə Liviyanın adını çəkdi. Qeyd etdi ki, bu məsələləri müzakirə etdik və qarşılıqlı anlaşmaya nail olundu. Ümumiyyətlə, həm Putin, həm də Ərdoğan danışıqların yaxşı keçdiyini, tərəflər arasında etimadın dərinləşdiyini və danışıqlar mövzusunda müsbət irəliləyişlərin olduğunu qeyd ediblər. Güman edirəm ki, həm Zəngəzur yolu, həm Rusiya sülhməramlılarının bölgədən çıxarılması, həm də Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi ciddi müzakirə edilib və Türkiyə Rusiyanın mövqeyini xeyli yumşalda bilib”.
Türkiyə xarici işlər nazirinin İrana səfərinə də toxunan Qabil Hüseynli Tehranda aparılan müzakirələrdən də danışıb. Bildirib ki, İranda hər iki ölkənin xarici işlər nazirləri əsasən Suriya və İraq məsələsini müzakirə ediblər: “Hakan Fidan İranda bu ölkənin XİN rəhbəri ilə görüşdü. Bildiyiniz kimi, Suriya və İraqda İrana bağlı bir çox terror təşkilatları, o cümlədən, kürd terror təşkilatları Türkiyə üçün ciddi problemlər yaratmaqda davam edirlər. Bu məsələ ətrafında razılığa gəliblər, amma İranla razılaşma su üzərində atılan imzaya bənzəyir. Onlar öz sözlərini sona qədər heç vaxt tutmayıblar. Üstəlik, yaxın aylarda İran prezidenti Rəisi Türkiyəyə səfər edəcək və Ərdoğanla geniş söhbət aparacaq. Ən mühüm prinsipial qərarlar məhz prezidentlərin görüşündə baş verəcək”.
Daha sonra Paşinyanın İtaliya mətbuatına müsahibəsindən bəhs edən politoloq Ermənistan baş nazirinin qərbyönlü siyasət yürütdüyünü bildirib: “Paşinyan Rusiyanın ağuşundan çıxdığını bəyan edir. Bütün bunları nəzərə alaraq Qərb də onu şirnikləndirir. Dünən Ermənistanın NATO-ya qəbul edilməsi, hətta daha irəlidə Avropa Birliyinə üzv olması kimi fikirlər yayıldı və bu məsələlər ətrafında müzakirələr gedir. Qərb, məncə, Ermənistanı öz tərəfinə çəkməklə Rusiyanın Cənubi Qafqazdan getməsi prosesini sürətləndirəcək”.
Vəli Həsənov,
KONKRET.az
