“Rusiya nüvə ittihamlarından narahatdır. Moskva düşünür ki, Ukrayna strateji nüvə silahından istifadə edib günahı Kremlin üzərinə atmaq istəyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözlər Türkiyənin ən çox izlənilən ekspertlərindən biri olan Abdullah Çiftçiyə aiddir.
Bu mövzu ətrafında daha öncədən də yazılar verdiyimizə görə, deyə bilərik ki, Rusiyanın sözügedən narahatlığı Ukraynada da var. Kiyev Kremlin qəsdən Belarus ərazisində (yaxud öz ərazisində) hansısa hökumət obyektinə zərbə endirib məsuliyyəti Ukraynanın üzərinə qoya biləcəyini iddia edir. Bu da Rusiyanın strateji nüvə zərbələri üçün bəhanəyə çevriləcək.
Digər tərəfdən, Rusiyanın bugünkü nüvə təlmlərində qitələrarası raketlər də sınaqdan keçirilib. Sanki tərəflər bir-birini nüvə təhlükəsizliyinin pozulmasında ittiham edə-edə nuklear savaşa hazırlaşırlar.
Türkiyəli ekspertin fikirlərinə qayıtsaq, Rusiya Xersondan əl çəkməyəcək. Abdullah Çiftçi İsrailin Ukraynaya silah satmadığı və İranın Rusiyaya dron ixrac etdiyinə də toxunub. Belə ki , İsrail öz silahlarının İranın əlinə keçməsini istəmirsə, Tehran da Rusiyaya sözügedən raketləri savaşdan qabaq satdıqlarını bəyan edib:
“Hazırda qışın gəlişi ilə bağlı savaş sürətli aparılmayacaq. Amma Rusiyada səfərbərlik məsələsi yekunlaşandan sonra Xersonda şiddətli döyüşlər olacaq”.
Çiftçinin fikrincə, vəziyyət təhlükəli olmasaydı, Makron Roma Papasına səslənib onu Rusiya və ABŞ liderləri ilə görüşə çağırmazdı. Yəni burada Avropanın acizliyi də ortaya atılmış olub. Sanki Makron “Rusiya və ABŞ ilə bacarmırıq” fəryadı edib.
Anar Rəhimov,
KONKRET.az
