Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri, general Stanislav Kozey Rusiyanın Ukraynadan sonra növbəti hədəfini açıqlayıb.
KONKRET.az Polşanın “Dzennik Polski” qəzetinə istinadən xəbər verir ki, o, Belarusla Kalininqrad vilayəti arasında yerləşən Polşanın 100 kilometrlik ərasizinin adını çəkib.
Generalın sözlərinə görə, rəsmi Moskva Polşa ərazisi vasitəsilə Kalininqrada avtomobil yolu açmaq niyyətindədir.
O xatırladıb ki, İsveç və Finlandiyanın NATO-ya daxil olduğu anda Kalininqrad Rusiya üçün təcrid olunan mühüm strateji baza olacaq.
“Mən bu gün kimin – Rusiya və ya Ukraynanın qalib gələcəyini bilmirəm, ancaq siyasi və strateji müstəvidə Rusiya bu müharibəni uduzur. Hələlik Polşa üçün heç bir təhlükə yoxdur”, deyə o, qeyd edib.
Kozeyin sözlərinə görə, Moskva Ukraynada müharibə davam etdiyi müddətdə Polşa ərazisindən keçən “Suvalki dəhlizi” məsələsi ilə məşğul olmayacaq.
General əlavə edib ki, hazırda ikinci soyuq müharibə gedir, ona görə də NATO təkamül yolu ilə gedir, gözlənilməz hallar üçün əməliyyat planları hazırlayır.
Kozey vurğulayıb ki, Şimali Atlantika Alyansı Rusiya təhlükəsinə qarşı müdafiə konsepsiyası üzərində çalışır.
Roman Göytürk,
KONKRET.az