Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurov həbsdən azad edilib.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar ləğv olunub, Zülfüqar Mansurov həbsdən azad edilib, cinayət işi ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, o, 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
