Saunada gözəlçələrlə tutulan baş prokurorun qalmaqalı – Yeltsin o hadisəni belə xatırlayırdıbackend

Saunada gözəlçələrlə tutulan baş prokurorun qalmaqalı – Yeltsin o hadisəni belə xatırlayırdı

1999-cu ilin əvvəlində Rusiyada ciddi bir qalmaqal baş vermişdi: ölkənin baş prokuroru Yuri Skuratov paytaxt saunalarından birində iki qadınla birlikdə (medianın yazdığına görə, fahişələrlə) tutulmuşdu. Daha dəqiqi, heç kəs əməliyyat keçirib baş prokuroru qadınlarla çimişən yerdə tutmamışdı, sadəcə, onların intim aktını lentə almışdılar, sonra görüntünü “Rossiya” telekanalının “Vesti” xəbərlər bülletenində yaymışdılar.

Daha sonra “Yataqda üç nəfər” adlı sənədli film hazırlanmış, orada “baş prokurora oxşayan adam”ın (bu cür deyilirdi) iki qadınla sekslə məşğul olması bir sıra xarici telekanallarda da göstəriımişdi.

Telereportajda o da bildirilirdi ki, bu “istirahət”in təşkilatçısı Aşot Yegiazaryan olub.

I haşiyə: Yuri Skuratov 1952-ci ildə Buryatiyada Ulan-Ude şəhərində doğulub, hüqüq elmləri doktoru, professordur, 1995-2000-ci illərdə Rusiya Federasiyasının baş prokuroru olub.

II haşiyə:  Aşot Yegiazaryan 1965-ci ildə Moskvada doğulub. RF Dövlət Dumasının üç çağırış deputatı olub. Jirinovskinin başçılıq etdiyi RLDP-nin deputat fraksiyasının üzvü kimi fəaliyyət göstərib. Deputat toxunulmazlığı ləğv ediləndən sonra barəsində dələduzluq ittihamı ilə əlaqədar federal və beynəlxalq axtarış elan edilib. Hazırda ABŞ-da gizlənir.

Həmin vaxt Rusiyanın prezidenti Boris Yeltsin idi. Ona və komandasına qarşı kompromotlardan çox istifadə edilirdi. Ancaq baş verən bu hadisəyə Yeltsinin özünün yanaşması fərqlidir. O, bu hadisəyə öz memuarında geniş toxunub.

Yeltsin yazır:

“Bu fəsli başlamaq belə istəmirəm.

Heç kəs heç zaman məni başqa qaydalarla oynamağa vadar edə bilməz. Ancaq Yuri Skuratov məni də, Federasiya Şurasını da, ölkəni də öz cılız və iyrənc qalmaqalına çəkə bildi.

“Sakit prokuror” öz rüsvayçılığını ümumxalq müzakirəsinə çıxarmağı bacardı və hər şeyi elə qələmə verdi ki, sanki bu, onun utancı, rüsvayçılığı deyil.

Buna baxmayaraq, onun haqqında yazmaq lazımdır.

Deyirlər, baş prokurorlar sarıdan Rusiyanın bəxti gətirmir. Stepankov, Kazannik, İlyuenko – bunlar Skuratovun sələfləriydi. Stepankov 1993-cü il hadisələri zamanı kölgəyə çəkildi, Kazannik “avqust qiyamı”nın (1991-ci il) liderlərini vaxtından əvvəl azadlığa buraxdı və qapını bərk çırpıb getdi, İlyuşenko özü isə Lefortovoya düşdü (öz xələfi Skuratovun təşəbbüsüylə). Hər prokuror öz postundan qalmaqalla getmişdi. Hər biri özündən sonra xeyli açılmamış cinayət işi buraxmışdı.

Skuratovu vəzifəyə təyin edəndən sonra mənə elə gəlirdi ki, biz, nəhayət, axtardığımız prokuroru tapmışıq. Biz müntəzəm görüşürdük. Yuri İliç mənə səs-küylü cinayət işlərinin – rahib Aleksandr Menin,  teleaparıcı Vlad Listyevin, jurnalist Dmitri Xolodovun, biznesmen İvan Kivilidinin qətllərinin təhqiqatı barədə məlumat verirdi. Bu qətl işlərinin ildən-ilə açılmamış qalması məni çox əndişələndirirdi. Mən bu barədə Skuratova dəfələrlə demişdim.

O öz sakit, rəngsiz səsiylə izah edirdi ki, istintaq hərəkətləri aparılır, şübhəli şəxslərin dairəsi müəyyənləşdirib, versiyalar üzrə iş gedir…

Ancaq mən görürdüm ki, əslində heç bir iş görülmür. Skuratovun sonsuz və monoton bəhanələri məni qıcıqlandırmağa başlamışdı.

İlk vaxtlarda Skuratovun məndə nikbinlik yaradan özəlliklərindən biri onun bariz şəkildə apolitik olmasıydı. Ancaq məlum oldu ki, baş prokurorluqda “mənəvi lider” peyda olub – deputat Viktor İlyuxin. Bu, o İlyuxin idi ki, bir zamanlar Mixail Qorbaçova qarşı “Vətənə xəyanət” maddəsi ilə cinayət təqibi başlatmağa cəhd etmişdi, mənim isə “rus xalqının soyqırımı”na görə mühakimə olunmağımı istəyirdi və Yeltsinin ölkəni idarə etmək iqtidarında olmadığı haqqında bütün qanun layihələrinin müəllifiydi.

Qəzetlərin yazdığına görə, bir zamanlar DTK xəttilə prokurorluq sistemində işləyən məhz bu deputat ən ali prokurorun qapısından ərklə içəri keçməyə başlamışdı. Al, sənə apolitik Skuratov!

İndi mən anlayıram ki, nədən belə olub. Prokuror üçün bir sıra əvəzedilməz keyfiyyətlərə – icraçılığa, iti yaddaşa, inadkarlığa malik olan Skuratov başlıca məziyyətə – iradəyə, comərd xarakterə, özünə inama malik deyildi, ona görə də axırda müəyyən mənada “yalançı çiçək” çıxdı. Və bu boşluğu təcili şəkildə parlaq, aktual məzmunla doldurmaq lazım idi. Bax, bu yerdə ona İlyuxin lazım olmuşdu.

Mən başa düşürdüm ki, Skuratov ona daha rahat yolla getməyi pıçıldayanların təsiri altına düşüb. Bu, səs-küylü “siyasi” məsələlər yoluydu.

Bankirlər və biznesmenlər arasında Yuri İliçin taleyində bu və ya digər şəkildə şəxsən iştirak edən insanlar olub. Aydın oldu ki, onlar prokurorun yumşaq təbiətini dərindən dərk edən “dostlar” imiş.

Baş prokurorun iştirakı ilə çəkilmiş pornoqrafik lentdən birinci Nikolay Bordyuja xəbər tutmuşdu. O, hərbiçiydi, əsl sərhədçiydi, istənilən növ özünüburaxmışlığa qarşı dözümsüz idi. Bordyuja sözün birbaşa mənasında şoka düşmüşdü. Administrasiya başçısı bu kabus barədə mənə heç nə deməməyi qərara almışdı. Skuratovla görüşərkən Bordyuja soyuq şəkildə ona deyib ki, belə situasiyada uzun fikirləşməyə dəyməz.

Skuratov itaətkarcasına istefa ərizəsi yazmışdı:

“Çox hörmətli Boris Nikolayeviç! Böyük həcmdə işlə bağlı son zamanlar səhhətim kəskin şəkildə pisləşib (baş ağrısı, ürək nahiyəsində ağrılar və s.). Bunu nəzərə alaraq mənim RF-nin baş prokuroru vəzifəsindən azad olunmağım barədə məsələni Federasiya Şurasına çıxarmanızı xahiş edirəm. Mənə daha az həcmli iş verilməsi məsələsinə baxılmasını rica edərdim”.

Ancaq ertəsi gün səhər o, yenidən Bordyujanın yanına gəlib və xahiş edib: “Lentin yayılmasına yol vermək olmaz. Gəlin bunu unudaq. Siz nə görmüsünüzsə, yaddan çıxaraq. Mən isə sizin bütün tapşırıqlarınızı icra etməyə hazıram”.

Bordyuja cavab verib: “Birincisi, sizin ərizəniz artıq prezidentdədir, qərarı o qəbul edəcək. Üstəlik, heç olmasa, bir damcı sağlam məntiqi olan adam olaraq anlamalısınız ki, əgər bu lentin bir surəti varsa, əlli dənə başqası da var”.

Belə olanda Skuratov yalvar-yaxar edib.

Bir aydan sonra isə o, birdən-birə öz movqeyini kəskin şəkildə dəyişdi: “Lent saxtalaşdırılıb, görüntüdəki mən deyiləm”.

Belə rüsvayçılığı hər adam xəfif adlada bilməz. Skuratov da, tibbi rəylərə görə, gerçəkdən də xəstəxanaya düşdü. Federasiya Şurasında senatorların onun ərizəsinə baxmağı nəzərdə tutan iclasının martın 17-də keçirilməsi planlaşdırıldı.

Martın 16-sı axşam həmin videolent Rusiya televiziyası ilə nümayiş etdirildi. Ertəsi gün səhər isə senatorlar, demək olar ki, yekdilliklə onun istefasının əleyhinə səs verdilər. Federasiya Şurasında siyasi mübarizənin şiddəti kritik səviyyəyə çatdı.

Yeqor Stroyev öz telemüsahibəsində təxminən belə demişdi: “Burda müzakirə etməli nə var? Adamın başına iş gəlib!”

Skuratovun işi ilə bağlı qalmaqallı səsverməyə qədər mən pornoqrafik video-lent haqqında heç nə bilmirdim. Skuratovun xəstəliyə görə vəzifədən getmək barədə ərizəsinə oxuyanda, sözün düzü, böyük rahatlıq duyğusu hiss etdim. Zəif, rəngsiz prokuror özü gedir. Vadar etmək, artıq səy göstərmək lazım deyil.

Federasiya Şurasındakı hadisə aydın səmada çaxan şimşək kimi oldu.

Mən Skuratovu, Primakovu və Putini yanıma çağırdım ki, məsələni birdəfəlik ayırd edək.

Mənim iş masamın üstündə həmin video-lentdən çıxarılmış fotoşəkillər, ilkin ekspertizanın nəticələri, Federasiya Şurasında Skuratovun istefasına dair keçirilən iclasın materialları olan qovluq vardı. Ekspertiza materiallarında bildirilirdi ki, lentdəki səsin və görüntünün təhlili video-lentdə görünən şəxsin baş prokuror olduğunu təsdiq edir. Fotoşəkillərə baxmadım və onları kəskin şəkildə özümdən kənara itələdim.

(Ardı var)

TƏRCÜMƏ: KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*