
Ramil Məmmədli: “Hələ 11 il bundan əvvəl 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayanda da mətbuat orqanlarında belə versiyalar səsləndirilib”.
Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Məlumata görə, qəzaya düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Bəzi hərbi ekspertlər hesab edir ki, müəmmalı aviaqəzalar iki halda baş verir. Birincisi, təyyarə hədəf kimi vurulur, ikincisi və ən ağlabatanı isə Xəzər dənizinin üzərində tez-tez görünən Uçan Naməlum Obyekt (UNO) tərəfindən hücuma məruz qalır.
Peşəkar mütəxəssislər bunun mümkünsüzlüyü desə də, hərbi ekspert Ramil Məmmədli Konkret.az-a müsahibəsində vurğulayıb ki, hələ 11 il bundan əvvəl 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayanda da mətbuat orqanlarında belə versiyalar səsləndirilib. Xatırladaq ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot – Fəxrəddin Əsgərov və Əfqan Aslanov o vaxt həlak olmuşdu. Ə.Aslanovun meyiti bir neçə gün sonra dənizdə aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq hələ də mümkün olmayıb. “Əlbəttə, hər şey “qara qutu”nun açılmasından sonra məlum olacaq”.
Ramil Məmmədli bildirib ki, Rusiya istehsalı olan MiQ-29 təyyarəsi sovet dövründən qalıb. Texniki xüsusiyyətlərinə görə, müasir qırıcılardan çox fərqlənir. İki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi kimi ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri daxil olmaqla bir çox keçmiş Sovet respublikaları, o cümlədən Azərbaycan bu təyyarələrdən hələ də istifadə edir.
Konkret.az
