Reallaşan proqnozları ilə hər kəsi təəccübləndirən Önər Döşər dünyada, xüsusən də Hörmüz boğazında su savaşlarının ola biləcəyi ilə bağlı məlumat yayıb. O, həmçinin İranda su qıtlığına da diqqət çəkib.
Belə ki, Ö. Döşərin sözlərinə görə, İran müharibə atmosferində su qaynaqlarına hücum edəcəyi ilə bağlı xəbərlər yayımlanıb. Çünki İranın astroloji xəritəsinə baxdıqda, onun, həyatda qalmaq uğrunda mübarizəsi görünür. Balıq bürcü, Mars və Merkuri qovuşması xəritədə 8-ci evə düşür. Bu da ölüm və təhlükələrdən, iqtisadi sıxıntılardan, borclardan bəhs edir. Eyni zamanda 12-ci evdən keçən Yupiter pərdəarxası gizli işlərə işarədir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:

Ağa Salamov
“Su müharibələri olacaq. Mən həmişə demişəm ki, torpaq qalacaq qıraqda, insanlar arasında su üstündə qırğınlar düşəcək. Tehranın apardığı siyasətdən biri də odur ki, paytaxtlarını dəyişsinlər. Çünki orada su ehtiyatları tükənir. Ümumiyyətlə, dünyada da su ehtiyatlarının tükənməsi ilə bağlı məlumatlar var”.
“İnsanlar hər israf etdikləri suya görə oturub səcdəyə gedərək, ağladığı günlər olacaq. Buna tam əminəm. “Moyka”larda istifadə olunan suya görə həmin işçilər də Allahdan üzr istəyəcəklər. Evdə qab yuyarkən, suyu israf edən qadınlar utancaq, — deyə Ağa Salamov əlavə edib.
Quyu qazıb su depolaya bilərikmi? — sualına mütəxəssis belə cavab verib:
“Quyu qazılan yerdə kanalizasiya sistemi olmamalıdır. Quyunun suyu arsenlidirmi, ağır metallar, qurğuşun varmı və duzluluğu, içməyə yararlılığı da yoxlanmalıdır. “Quyuya su tökməklə deyil, gərək quyunun özündə su ola”. Bu dəqiqə harada quyu qazırlar, orada su çıxmır. Naxçıvan zonasında araşdırmalarıma əsasən deyə bilərəm ki, orada nə qədər quyu qazılıb və su tapılmayıb. Eyni zamanda Mərdəkanı da misal çəkə bilərik”.
Səbəblərdən bəhs edən Ağa Salamov suların çəkilməsindən danışıb:
“Çünki sular çəkilir, içməli su yoxa çıxır. Nə qədər də su depolasaq xeyri yoxdur. Quyudan da effektivi çənlərdir. Çənə 100 ton su vurulsa belə, su qalıb iylənəcək. Çünki su qaldıqca, mikrobioloji çirklənməyə məruz qalır. Filtirdən keçirilə də bilər. Sabah su qıtlığı olsa, topladığınız suyun 3/1-i, 4/1-i müsadirə olunaraq bölünə bilər. 2030-cu ildən sonra bu, qlobal problemə çevriləcək”.
Xatırladaq ki, gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məsələsi ilə bağlı Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihələri prezidentimiz İlham Əliyev tərəfindən zavodların tikilməsi ideyası irəli sürülmüşdür. Hazırda bu yöndə işlər görülür.
Dəniz Pənahova
KONKRET.az
