WUF13 Bakıda: Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi…backend

WUF13 Bakıda: Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi...

Qlobal şəhərsalma siyasətinin müəyyənləşdirildiyi ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunan Ümumdünya Şəhərsalma Forumu (WUF) bu il Azərbaycanda keçirilir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, urbanizasiya üzrə mütəxəssisləri, memarları, investorları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən forum müasir şəhərlərin inkişafı, dayanıqlı infrastrukturun qurulması, ekoloji çağırışlar və urbanizasiya problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Son illər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan artıq regionun əsas diplomatik və humanitar mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə təşkil olunan mötəbər siyasi, iqtisadi, idman və humanitar tədbirlər Azərbaycanın həm təşkilati imkanlarını, həm də beynəlxalq nüfuzunu nümayiş etdirib. Məhz bu baxımdan WUF13 forumunun Bakıda keçirilməsi də təsadüfi hesab edilmir.

Forum çərçivəsində qlobal şəhərsalma prosesləri müzakirə olunacaq, innovativ yanaşmalar təqdim ediləcək və iştirakçılar Azərbaycanın bu sahədəki təcrübəsi ilə tanış olacaqlar.

Bəs Azərbaycan WUF13 kimi mötəbər beynəlxalq tədbirə necə hazırlaşıb?

Mövzunu Milli Məclisin deputatı Aydın Mirzəzadə KONKRET.az-a şərh edib:

Aydın Mirzəzadə

“Ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlərdə olduğu kimi, WUF13 forumuna hazırlıq prosesində də bütün təşkilati məsələlər diqqətlə planlaşdırılıb və uzun müddətdir ciddi iş aparılıb. Tədbirin proqramı beynəlxalq təşkilatlarla razılaşdırılıb, texniki məsələlərdə isə ən xırda detallar belə nəzərə alınıb.

Forumun keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionu ərazisində həm plenar iclasların, həm də sessiyaların təşkili üçün bütün zəruri şərait yaradılıb. Bununla yanaşı, tədbir iştirakçılarının öz bölmələrini qurması, görüşlər keçirməsi və mətbuat konfransları təşkil etməsi üçün də geniş imkanlar mövcuddur”.

Deputatın sözlərinə görə, forum çərçivəsində ikitərəfli və çoxtərəfli müzakirələrin keçirilməsi də nəzərdə tutulub.

“Tədbirə hazırlıq prosesi şəxsən Prezident İlham Əliyev tərəfindən nəzarətdə saxlanılıb və dövlət başçısının forumla bağlı məsələlərə dəfələrlə toxunması Azərbaycanın bu tədbirə necə məsuliyyətlə yanaşdığını göstərir.

Forum iştirakçıları bir neçə gün ərzində həm qlobal şəhərsalma proseslərini müzakirə edəcək, həm də Azərbaycanın bu sahədəki təcrübəsi ilə yaxından tanış olacaqlar. Qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar”.

Millət vəkili sonda WUF13 forumunun Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisi kimi qiymətləndirib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*