Bakıdan dünyaya WUF-13 MESAJI: Deputat vacib məqamlara toxundubackend

Bakıdan dünyaya WUF-13 MESAJI: Deputat vacib məqamlara toxundu

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 Azərbaycanın son illərdə ev sahibliyi etdiyi ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən forum urbanizasiya, dayanıqlı inkişaf, təhlükəsiz şəhər mühiti və ekoloji çağırışların müzakirəsi baxımından qlobal əhəmiyyət daşıyır. Eyni zamanda tədbir Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və müasir inkişaf modelinin təqdimatı üçün mühüm platforma kimi qiymətləndirilir.

Forumun ölkəmiz üçün əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, bu tədbir yalnız şəhərsalma sahəsində beynəlxalq platforma deyil, həm də Azərbaycanın siyasi, iqtisadi və institusional çəkisinin artmasının bariz nümunəsidir.

Elçin Mirzəbəyli

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum sürətli urbanizasiya prosesinin yaratdığı çağırışların beynəlxalq müstəvidə müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. WUF13-ün Bakıda təşkili Azərbaycanın beynəlxalq etimad kapitalının yüksəldiyini nümayiş etdirir.

Son illərdə Azərbaycan COP29, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının tədbirləri və digər beynəlxalq platformalar vasitəsilə özünü etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi təsdiqləyib. WUF13 kimi nüfuzlu BMT platformasının Bakıya həvalə olunması da məhz bu etimadın nəticəsidir. 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı forum Azərbaycanın beynəlxalq diplomatik və kommunikasiya mərkəzi statusunu daha da gücləndirir. Tədbir həm də Azərbaycanın müasir şəhərsalma və dayanıqlı inkişaf modelinin təqdimatı baxımından mühüm platformadır.
Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji yanaşması, ekoloji planlaşdırma və yeni urbanizasiya modeli beynəlxalq auditoriyaya təqdim ediləcək ən mühüm nümunələrdəndir”.

Elçin Mirzəbəyli hesab edir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi post-münaqişə urbanizasiya modelinin formalaşdırılması baxımından qlobal miqyasda diqqət çəkən təcrübədir.

“Bu mənada WUF13 Azərbaycanın urbanizasiya siyasəti üzrə yeni yanaşmalar təqdim edən qlobal aktor kimi çıxış etdiyini göstərir. Tədbirin Bakı Olimpiya Stadionu və ətrafında yerləşən 53 hektarlıq ərazidə keçirilməsi, 6 min nəfərlik əsas zal, yüzlərlə sessiya və tərəfdaş tədbiri, həmçinin 3,5 hektarlıq “Urban Expo” sərgisi Azərbaycanın iri miqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını ortaya qoyur. Tədbirin dayanıqlılıq prinsiplərinə uyğun təşkil olunması xüsusi önəm daşıyır. “ISO 20121 standartlarının tətbiqi, karbon izinin azaldılması, yaşıl enerji və təkrar emal yanaşmaları Azərbaycanın qlobal ekoloji gündəliyə inteqrasiya niyyətini göstərir. Bu yanaşma xüsusilə COP29-a ev sahibliyi edən ölkə üçün strateji əhəmiyyət daşıyır. Forum çərçivəsində təşkil olunan “Urban Expo”, “WUF Akademiyası”, “Şəhər kitabxanası”, “Şəhər kinoteatrı”, “Biznes və innovasiyalar mərkəzi” kimi platformalar tədbirin yalnız dövlətlərarası müzakirə meydanı olmadığını, həm də innovasiya, elm, texnologiya və biznes əməkdaşlığı üçün qlobal şəbəkələşmə imkanları yaratdığını göstərir”.

Deputat urbanizasiyanın artıq yalnız memarlıq və şəhərsalma məsələsi olmadığını da vurğulayıb.

“Bu proses sosial ədalət, ekoloji təhlükəsizlik, iqlim dəyişiklikləri, miqrasiya, qida təhlükəsizliyi və insan rifahı ilə birbaşa bağlıdır. Bu gün dünya əhalisinin 55 faizdən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı proqnozlaşdırılır. Bu isə urbanizasiya siyasətinin strateji xarakter daşıdığını göstərir.
WUF13 həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementidir. Minlərlə xarici nümayəndənin, media təmsilçisinin və beynəlxalq ekspertin Bakıya səfəri ölkənin turizm potensialının, təhlükəsizlik mühitinin, multikultural dəyərlərinin və müasir şəhər infrastrukturunun təqdimatı baxımından mühüm imkan yaradır”.

Deputat sonda vurğulayıb ki, Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivalları forumun yalnız paytaxt tədbiri olmadığını, ümummilli ictimai prosesə çevrildiyini göstərir. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, qlobal urbanizasiya gündəliyində fəal iştirakının və dayanıqlı inkişaf strategiyasının mühüm göstəricisidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*