Dünyanın gözü Bakıda: WUF-13 ölkəmizə nələr vəd edir?backend

Dünyanın gözü Bakıda: WUF-13 ölkəmizə nələr vəd edir?

Mayın 17-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası – WUF-13 Azərbaycanda beynəlxalq diqqət mərkəzinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən minlərlə qonağın qatıldığı forum təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirəsi ilə deyil, həm də Azərbaycanın qlobal nüfuzunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəs xarici qonaqların ölkəmizə axını Azərbaycana hansı dividendləri qazandıracaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, WUF-13 COP29-dan sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirdir və iştirakçı sayına görə indiyədək təşkil olunmuş Dünya Şəhərsalma Forumları arasında ən genişmiqyaslısı hesab edilir.

Azər Badamov

“Forumda 180 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Bu maraq ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu və etibarlı tərəfdaş kimi formalaşmış imici ilə bağlıdır”.

Azərbaycan 30 ilə yaxın işğal altında olmuş torpaqlarını öz gücü hesabına azad etməklə regionda yeni reallıqlar formalaşdırıb.
Bu reallıqlar sülhə, təhlükəsizliyə və əməkdaşlığa əsaslanır. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun müasir yaşayış məntəqələri inşa edilir. Həmin layihələr dayanıqlı inkişaf, innovativ idarəetmə və yaşıl texnologiyaların tətbiqi baxımından beynəlxalq ictimaiyyət üçün xüsusi maraq doğurur”.

Millət vəkili vurğulayıb ki, WUF-13 çərçivəsində Azərbaycan şəhərsalma, urbanizasiya və bərpa-quruculuq sahəsində qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşəcək, eyni zamanda dünya təcrübəsində tətbiq olunan qabaqcıl həllərlə yaxından tanış olmaq imkanı əldə edəcək.

“Forum yeni şəhərlərin salınması, mövcud şəhərlərin müasir standartlara uyğun yenidən qurulması və yaşayış məskənlərinin daha dayanıqlı hala gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində əldə olunacaq bilik və təcrübə mübadiləsi ölkəmizdə dayanıqlı şəhər inkişafına əlavə töhfə verəcək.

WUF-13 çərçivəsində ölkəmizə gəlmiş yüksək səviyyəli qonaqlar, investorlar və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə keçiriləcək görüşlər yeni iqtisadi tərəfdaşlıqların qurulmasına, investisiya axınının artmasına və uzunmüddətli ticari-iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq”.

Azər Badamovun sözlərinə görə, WUF-13 Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli dəyərlərinin tanıdılması baxımından da mühüm platformadır.

“Xarici qonaqlar ölkəmizin multikultural mühiti, qonaqpərvərliyi və turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu isə turizm sektorunun inkişafına əlavə təkan verərək Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirəcək”, – deyə deputat bildirib.

Sonda millət vəkili vurğulayıb ki, WUF-13 Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, siyasi və strateji mövqelərinin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıqların qurulmasına və ölkəmizin qlobal platformalarda rolunun genişlənməsinə mühüm töhfə verəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*