“STATUS” eyhamının GİZLİ TƏRƏFİ: III Qarabağ savaşı QAÇILMAZ OLURbackend

"STATUS" eyhamının GİZLİ TƏRƏFİ: III Qarabağ savaşı QAÇILMAZ OLUR

Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçi görüşündən sonrakı bəyanatı ajiotaj yaradıb.

KONKRET.az-ın məlumatına görə Paşinyan bəyan edib ki, Rusiya tərəfi Qarabağın “status”u məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bununla razılaşır.

• Bəlkə də Putinlə Paşinyan bu məsələdə elə çətiraltı söhbət zamanı razılaşıblar. Amma ilk baxışdan o şəkildə yağışdan gizlənən “Lolo və Pepe” pinqvinləri kimi məsum görünürdülər. Bütün məkr elə bu saxta saflıqda gizlənirdi. Üçtərəfli Soçi görüşündə Qarabağın “statusu” niyə müzakirə olunmalı idi və nə üçün edilmədi?

a) Rusiya danışıqlar üçün ən yaxşı masa kimi öz xidmətlərini ortaya qoymaq üçün hər şeyə hazır idi.
b) Paşinyanın üçtərəfli görüşə qatılması üçün Rusiya lideri Valdayda aşkar ermənipərəst vədlər verdi.
c) Putin Qərbə qucaq açmış Paşinyanın ürəyinə yol tapmaq üçün romantik çətir tutuşuna da getdi.
d) Nikol onunla ikitərəfli görüşdə “Dağlıq Qarabağ” ifadəsi və məsələsini qabartdı.
e) Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə təkbətək görüşdə Qarabağ münaqişəsinin həll olunduğu və tarixə qovuşduğunu xatırlatdı.

Yəni Putin gördü ki, Bakının öz mövqeyini dəyişmək fikri yoxdur və Kremlin təzyiqləri də hansısa yerdəyişməyə nail ola bilməz. Səbəb:

– II Qarabağ savaşında Rusiya atəşkəsə nail olmaq üçün Bakının da bəzi şərtlərini qəbul etməli oldu. Düzü, öz müddəalarını da sənədə soxuşdurdu.

– Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda “Dağlıq Qarabağ” ikiüzlülüyünə getməz. Halbuki, əvvəllər Ukrayna və Gürcüstanın da ərazi bütövlüyünü tanıyırdı.

– Bununla yanaşı, Moskva-İrəvan qardaşlığı ciddi təxribatlar riski etməz. Çünki Azərbaycana üçüncü ölkə müdaxiləsində məsələyə Türkiyənin qarışmasını təmin edən Şuşa bəyannaməsi var. NATO-nun ikinci ən güclü ordusu ilə savaş isə heç kimə sərf eləməz. Ələlxüsus da Kremlə! Çünki Türkiyə sanksiyalarla boğulan Rusiya iqtisadiyyatı üçün nəfəslik əhəmiyyətlidir.

– Moskvadan Bakıya qarşı istənilən akt birgə müttəfiqlik bəyannaməsi və Qarabağdakı sülhməramlı missiyaya xitam verilməsi ilə nəticələnə bilər.

Nikolun bəyanatının davamı belədir:

“İndi Qarabağın bütün tərəflər üçün məqbul “status”una nail olmaq üçün obyektiv imkan yoxdur. Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam və 100% uyğundur”.

Paşinyanın sözlərindən belə çıxır ki, Putin hökuməti də ermənilərdən ibarətdir. Bu həm də o anlama gəlir ki, ermənilər qondarma “Arsax” iddialarına fasilə versələr də, bunu yenə qabardacaqlar. Bəlkə də məhz buna görə Paşinyan sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını təklif edib. Azərbaycanın da qəbul etdiyi üçtərəfli bəyanatda isə onların 5 illik missiya müddəti razılaşdırılıb. Sülhməramlı səlahiyyətlərinin 2025-də tamamlanması rusların regiondan yola salınmasıdır. Kreml isə buna imkan verməmək üçün 2024-ün payızına qədər müharibə şəraiti yaratmağa çalışacaq. Elə isə III Qarabağ savaşı qaçılmazlaşır.

Qeyd: Cənubi Qafqazın qaynar nöqtəyə çevrilməsi iqtisadi və enerji təhlükəsizliyi sarıdan Qərbə sərf etmədiyi üçün onlar daha münasib sülh variantı təklif edirlər. Rusiya isə sanksiyalardan qurtulmaq, Avropanı özündən asılı salmaq naminə, hətta Çindən köhnə qitəyə yönələn bütün tranzit xətlərində münaqişə ocağı yaratmaq istəyir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*