Yaponiya rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya tərəfindən buraxılan ballistik raketlərin heç biri ölkə ərazisinə və ya onun fövqəladə iqtisadi zonasına çatmayıb.
Bu barədə Yaponiyanın Müdafiə naziri Takeşi İvaya jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, milli təhlükəsizlik üçün heç bir təhlükə yoxdur. Onun rəhbərlik etdiyi nazirlik Şimali Koreya tərəfindən buraxılan raketlər barədə məlumatlıdır və hazırda bununla bağlı məlumatların toplanması və təhlili aparılır.
T.İvaya əlavə edib ki, Yaponiya ABŞ, Cənubi Koreya və digər ölkələrlə birlikdə Şimali Koreyanın hərbi addımlarını diqqətlə izləyir.
Nazirin sözlərinə görə buraxılan raketlərin növündən asılı olmayaraq, Pxenyanın bu hərəkəti böyük təəssüf hissi doğurur.
Qeyd edək ki, Cənubi Koreya qərargah rəisləri komitəsinin yaydığı məlumata görə, iyulun 25-də Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində iki yaxın məsafəli raketin sınağı keçirilib.
