Taksi sayının çoxluğu İNKİŞAFLA əlaqədardır, YOXSA? – Vəziyyətə GÜZGÜ tutaqbackend

Taksi sayının çoxluğu İNKİŞAFLA əlaqədardır, YOXSA? - Vəziyyətə GÜZGÜ tutaq

Bakı taksilərin sayına görə İstanbulu ötüb. Belə ki, hazırda Bakıda 28 min taksi fəaliyyət göstərir. İstanbulda isə bu rəqəm 17 mindir.

KONKRET.az olaraq mövzunu daha əvvəl də qabartmışıq. Taksi xidməti göstərənlər niyə çoxalıb? Çünki taksi sürücüsü olmaq üçün xüsusi savad, dil biliyi, diplom tələb olunmur. Avtomobil və sürücülük vəsiqəsinin olması yetərlidir.

Daha inandırıcı həqiqət:

– Taksi sürücülərinin ən azı yarısı ali savadlı şəxslərdir;

– Sadəcə, iş tapmaqda çətinlik çəkirlər;

– Çünki Azərbaycandakı gəlirli iş yerləri həmin müəssisə rəhbərlərinin yaxın ətrafı ilə doldurulub;

– Hətta həkimlər var ki, normal maaşlı klinikaya keçmək üçün iri məbləğdə şirinlik verməli olur;

– Azərbaycandakı bahalaşma fonunda sadə vətəndaşlar arasında stabil gəlir taksi sürücüləri, bərbər, stomatoloqlara aiddir;

Bəli, təkcə aylıq ərzaq xərcləri 392 AZN olan ölkədə insanların 300 manat minimum əmək haqqı alması sosial durumla tərs mütənasibdir. Məgər ərzaqdan başqa məsrəf yeri yoxdur? İnsanlar elə marketdən alıb, dayanacaqda oturub yeyir, qalıq pulunu da “Bakı Kart”a doldurub işə gedir? Əhali çöldə yaşayır? Su, işıq, qaz pulu və s. kommunal vergilər ödənmir? Şabanın filmlərdə dediyi kimi, “buna da zam” kimi yeni vergilər icad edilmir? Yaxşı ki, məmurları sudan quru çıxardacaq dünya praktikası var. Həm də yaxşı ki, insanlar dünyadakı minimum əmək haqqının 300 AZN olmadığını təzə-təzə öyrənməyə başlayıblar.

Azərbaycanın problemi 1 deyil, 2 deyil. Əsas odur ki, Qarabağda qələbə qazandıq və ölkəmiz stabil iqtisadi inkişaf tempini qoruyub. Sübut kimi yuxarıda qeyd olunan Bakıdakı 28 min taksi fəaliyyətini göstərmək olar. Təsəvvür edin, biz bu rəqəmlərdə İstanbul kimi iri şəhəri ötdük. Sakin sayı ümumi Azərbaycan əhalisindən çox olan şəhərdə Bakıdakı qədər taksi yoxdur. Bəs bu nə deməkdir? Deməli, Azərbaycandakı məşğulluq və nəqliyyat sistemi sinxronlaşdırılmış mükəmməl fəaliyyət göstərir. İşsizlər taksi sürücülüyü edir, heç bir piyadanın taksi sifarişi özünü çox gözlətmir. Elə bilirsiniz ki, bu yaxşıdır?

Gəlin vəziyyətə güzgü tutaq:

– Camaat broyler toyuğu, inkubator yumurtaları, kolbasa-sosislə qidalanır;

– Ölkədəki işsizlik səviyyəsinin əsl rəqəmləri karantindəki 190 manatla üzə çıxdı;

– İş yerlərinin təqdim etdiyi orta aylıq məvacib statistikalarda göstərilən 800-1000 deyil;

– Sayına görə taksi sürücüləri ilə rəqabətə girəcək müəllim, tibb bacıları 3 dəfə az maaş alırlar;

– 200-400 AZN civarında əmək haqqı alan satıcı və mühafizəçilər var;

– Ofisiant maaşı 400-600 arasıdır;

– Taksi xidməti göstərənlərin bir hissəsi avtomobili günü 25-30 manatdan arendaya götürürlər. Yəni aya 1500 qazanıblarsa, ən yaxşı halda 600-ü özlərinə qalır;

– Taksi sayının artması tıxac, yol nəqliyyat, qəza, ölüm hadisələrinin sayının çoxalmasıdır;

– Taksilərin çoxluğu narkomaniyanın bolluğudur. Çünki sürücülərin bəziləri “patı” aludəçisidir və asılılığını ödəmək üçün sükan arxasına oturur;

Azərbaycanda stabil maaş alanların elitar əksəriyyəti dövlət qulluqçuları və millət vəkilləridir. Bəlkə də öz rifah şəraitləri qaydasındadır deyə insanların yaxşı yaşadığını düşünürlər.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*