Tələbələr narahatdır! – Elm və Təhsil Nazirliyi köçürmələrin cavabını niyə açıqlamır?backend

Tələbələr narahatdır! - Elm və Təhsil Nazirliyi köçürmələrin cavabını niyə açıqlamır?

Yeni tədris ilinin başlamasına iki gün qalsa da, universitetlərarası köçürmələrlə bağlı Elm və Təhsil Nazirliyinin (ETN) həyata keçirdiyi proses tam yekunlaşmayıb. Vəziyyət o qədər pisdir ki, hətta bu barədə sosial şəbəkə seqmentlərində ictimai qınaq mühiti formalaşıb.

ETN-dən KONKRET.az-a verilən açıqlamada qeyd edilib ki, “hazırda tələbələrin köçürülməsi ilə əlaqədar müraciətlər cavablandırılma mərhələsindədir. Respublika daxilində ali təhsil və orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi ilə bağlı müraciətlərin cavabları elan olunub. Xarici ölkələrin müvafiq təhsil müəssisələrindən köçürülmənin cavabları isə yaxın günlərdə elan olunacaq”.

Göründüyü kimi, zamanla bağlı yenə də qeyri-müəyyənlik var. Söhbət xarici ölkələrin müvafiq təhsil müəssisələrindən Azərbaycan universitetlərinə yerdəyişmə üçün müraciət edən 522 nəfərdən gedir. Onlar köçürüldüklərinə dair son anda müsbət cavab alsalar belə, tələsik hazırlıqların onlara baha başa gələcəyi artıq şübhə doğurmur. Tələbələr də, onların valideynləri də vəziyyətdən narahatdır. İki gündən sonra dərsə getməli olan tələbələr çaş-baş vəziyyətdə qalıb. Nazirlik isə “yüzə dözmüsənsə, yüz birə də döz” fikri ilə hərəkət edir.

Qeyd edək ki, ETN hər il universitetlərarası köçürmələr həyata keçirir. Bu il də sənəd qəbulu iyulun 25-dən 31-nə qədər onlayn qaydada aparılıb. Ölkədaxili ali məktəblərə köçürmələr başa çatsa da, tələbələrin əksəriyyəti həmin universitetlərə əmrlər barədə məlumat daxil olmadığını bildirir. İyulda başa çatan sənəd qəbulundan iki aya yaxın keçməsinə baxmayaraq, prosesin bu qədər ləngidilməsi böyük səriştəsizlikdən və biganəlikdən xəbər verir. Təəssüf ki, bunun da maddi və mənəvi zərbəsi sonunda elə tələbələrə dəyəcək!

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*