TIXAC PANDEMİYASI yaxşı heç nə VƏD ETMİR – PROBLEMİN GİZLİ TƏRƏFİbackend

TIXAC PANDEMİYASI yaxşı heç nə VƏD ETMİR - PROBLEMİN GİZLİ TƏRƏFİ

Azərbaycan paytaxtı ildən-ilə gözəlləşir. Bunu danmaq olmaz. Amma bu arxitektura fonundakı apokalipsis daha çox görünməkdədir.

KONKRET.az-da olan özəl informasiyaya görə Bakının cəmi 5-6 faizi yaşıllıq və meşə örtüyündən ibarətdir. Şəhərlərdə isə bu göstərici minimum 30 faiz olmalıdır. Bununla da insanların oksigen mənbəyi azalır, ekoloji durum yeni xəstəliklərə yol açır.

Mövcud təbii fəlakəti dərinləşdirən digər amil Bakıda avtomobil sayının çoxalmasıdır. Bunun isə daha ağır səbəbləri var:

1. Bakıda əhali durmadan artır.
Bölgələrdə yaşayanlar paytaxta köçür, iş tapır və kirayə yaşayırlar.
2. Məşğulluq və məvacib səviyyəsinə görə, hər kəs taksi xidməti göstərməyə çalışır. Öz avtomobili olmayanlar belə, günü 25-30 manatlıq arendalara girərək pul qazanmağa çalışırlar. Taksi sürücüləri arasında hindistanlı, pakistanlı kimi başqa millətlərdən olanları da görəndə bu sahənin məcburiyyətə çevrildiyini anlamaq olur.
3. Bakı şəhəri indiki ağırlığı üçün nəzərdə tutulmayıb. Yoxsa dünyanın çox yerlərindəki kimi 2-3 mərtəbəli körpülər, həmin dərinlikdə yeraltı tunellər olmalıydı.

Mövzu ilə bağlı ekspertləri dindirəndə də deyirlər ki, şəhərin baş planı ilə problemlər düzələcək. Bəzi biznesmen məmurlar da “yaz gələr yonca bitər” məsəlinin əsas personajı kimi davranırlar. Ancaq və ancaq öz gəlirlərini düşünürlər. Onlar üçün problem aylıq dövriyyələrindəki stabilliyin pozulmasıdır. Əsl problem isə başqadır:

• Bakı tıxac pandemiyası yaşayır
• Şəhərdən çox maşın bazarına oxşayır
• Tıxaclar əsas yollardan qəsəbədaxili və hətta məhəlləarası yollara da keçib

Bu sadalananlarda sevindirici heç nə yoxdur. Əksinə:

  • – Tıxac insan ömrünə girib. Asudə vaxtı qısaldır.
    – Sinir sistemini pozur və yersiz gərginlik yaradır
    – Yollarda müxtəlif qəza, ölüm və yaralanma ilə nəticələnən olaylara gətirib çıxarır
    – Tıxacsonrası mənfi aura evlərə gedir. Ailə zəminində yaranan münaqişələr boşanma, qətl və intiharlara səbəb ola bilir
    – Maşın tüstüsü miqdarına görə, az qala oksigeni keçməyə yaxındır

2015-ci ildə Bakı-Sumqayıt yolunun Avtovağzal Kompleksi hissində sürüşmə olmuşdu. Yəni bu tıxaclar həmin ərazidə, yaxud başqa yolda ikinci sürüşməyə səbəb ola bilər. Bədbəxt hadisədən kimsə sığortalanmayıb.

Ümumiyyətlə, Bakının yükünün yüngülləşdirilməsi istiqamətində hansısa işin görüldüyü barədə xəbərsizəm. Amma bu yöndə müxtəlif versiyalar irəli sürülüb.

Paytaxtın başqa şəhərə köçürülməsi

Bakıdakı ali məktəblərin regionlarda fəaliyyəti

Paytaxtın köçürülməsi barədə millət vəkilləri və müxalifətçi partiya sədrlərinin ümumi rəyi belə olub ki, mərkəz infrastrukturunun qurulması 1-2 ilin işi deyil və mövcud şəhərlər paytaxt olmağa tam yaramır. Yeni şəhər salınsa daha optimaldır. Yəni ki, uzun söhbətdir. Paytaxt elə Bakı olsun.

Ali məktəblərin köçürülməsi də gündəmdə olana oxşamır. Bəzi dövlət universitetlərinin bölgələrdə filialları var. Lakin BDU, ATU kimi ali məktəblərin regionlara köçürülməsi müzakirə olunmur. Səbəb bəlli deyil. Təsəvvür edin, Dillər universitetinin Bakıda əsas və böyük köməkçi korpusları var. Bu isə şəhərin iki yerindəki tıxaclarda bu universitetin də payının olması deməkdir. Olsun lap İqtisad Universiteti, Bakıda 3 korpus açmaqdansa, bunları bölgələr üzrə bölüşdürmək olmazdımı? Deyəsən bu problem də Bakının paytaxt statusu qədər uzunömürlüdür.

Ümid qalır, Qarabağa böyük qayıdışa. Daha dəqiq desək, tıxaclar hələ 4-5 il bizimlədir.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*