Sumqayıt Apellyasiya Məhkəməsində qəsdlə adam öldürmədə və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Qadir Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti və şikayəti təmin edilməyib.
İttihama əsasən, hadisə 7 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında keçirilən toy mərasimindən sonra baş verib.
Belə ki, Qadir Məmmədov qohumunun toy mərasimində iştirak edib. Həmin vaxt mərasimdə əvvəllər tanımadığı zərərçəkmiş İlkin İskəndərli də olub.
İlkin İskəndərlinin təqsirləndirilən şəxslə və onun oğlu ilə mübahisə etməsi tərəflər arasında şəxsi münasibətlər zəminində qarşıdurmaya səbəb olub.
İstintaqın versiyasına görə, Qadir Məmmədov həmin vaxt üzərində qanunsuz olaraq gəzdirdiyi, soyuq silah hesab edilən xəncəri çıxarıb İlkin İskəndərlinin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
İttihamda qeyd olunur ki, xəncərin tiyəsinin hər iki üzü kəsici, ucu isə batıcı xassəyə malik olub. Tiyəsinin uzunluğu 75 millimetr, maksimal eni 29 millimetr, maksimal qalınlığı 2,9 millimetr, ümumi uzunluğu isə 108 millimetr təşkil edib.
Qadir Məmmədov İlkin İskəndərliyə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib və bir dəfə də təpik zərbəsi vurub. Nəticədə zərərçəkmiş şəxsin sol dirsək oynağının arxa səthində sıyrıq, sağ baldır nahiyəsində yara, sol kürək və kürəkaltı nahiyələrdə yaralar, həmçinin həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər yaranıb. Onun aldığı xəsarətlər kəskin qanitirmə və hemorragik şokla nəticələnib.
İlkin İskəndərli gecə saat 00:05-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Məhkəmədə Qadir Məmmədov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qadir Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi və həmin Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
