Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən viza baryerinin, uyğun rejimin ləğv edilməsindən sonra ölkəmizdə mübahisələrin istiqaməti dəyişib. İndi də bunun ölkəmizə nə kimi zərər və faydalarının olacağı müzakirə olunur.
Əvvəla, indiyədək qüvvədə olan birtərəfli viza rejimi dostluğa-qardaşlığa sığmırdı. Çünki Türkiyə Azərbaycan vətəndaşlarından çox-çox öncədən viza tələb etmirdi və ölkəmizin vətəndaşları bu ölkəyə sərbəst girib-çıxa bilirdilər.
Bəlkə də elə ona görə, ölkəmizdə Türkiyəyə gedib-gəlməyən, İstanbulu ziyarət etməyən az-az adam qalıb. Doğulduğu rayona ildə bir dəfə getməyən minlərlə adam ildə 3-4 dəfə Türkiyəyə gedir.
Qardaş ölkənin bizə (eləcə də başqa ölkələrə) viza rejimi tətbiqi etməməsi hər il ona yüz minlərlə (milyonlarla) turist və böyük valyuta ehtiyatı qazandırır.

İndi Azərbaycan da bənzər addım atır. Bu da indiyəcən ölkəmizə gəlmək istəyən, sırf viza baryerinə görə bu niyyətdən vaz keçən Türkiyə vətəndaşlarının axınına səbəb olacaq. Bu axın böyük olmaya da bilər, ancaq mütləq Türkiyədən ölkəmizə gələnlərin sayını artıracaq.
Ortaya çıxan suallardan biri də odur ki, bəs İran vətəndaşları üçün də viza rejimi ləğv olunacaqmı?

Bunlar bir-birinə bağlı məsələlər deyil. Azərbaycan Türkiyə vətəndaşları üçün belə bir addım atıbsa, bu, o demək deyil ki, eyni addımı İran vətəndaşlarına münasibətdə də atmalıdır.
İki ölkənin daxili atmosferi də eyni deyil, bizimlə ictimai-siyasi, mədəni əlaqələri də.
Bununla belə, ölkənin milli təhlükəsizliyinə cavabdeh olan şəxslər uyğun bilsələr, İran vətəndaşları üçün də viza rejimi ləğv oluna bilər.
Onsuz da cənub qonşumuzdan müəyyən fəsillərdə ölkəmizə güclü turist axını olur. İran vətəndaşları kütləvi şəkildə viza alaraq, ölkəmizə gəlir, burada xeyli pul xərcləyirlər. Deməli, o rejimin ləğv olunub-olunmamasının o qədər də əhəmiyyəti yoxdur. Ancaq ləğv olunsa, daha yaxşı olar – bürokratik əngəllərdən biri azalar.
Konkret.az
