2007-ci ilə qədər İrena Sendler haqqında çox az adam eşitmişdi. Həmin il Qələbə Günü münasibətilə məruzə hazırlayan bir neçə gənc qız arxivlərdən birində onun adına rast gəldi. Ən təəccüblüsü isə bu idi ki, onlar İrena Sendlerin artıq öldüyünü düşünsələr də, onun sağ olduğunu öyrəndilər.
Məlum oldu ki, İkinci Dünya müharibəsi illərində bu cəsur qadın Varşava gettosundan təxminən 2500 uşağın xilas edilməsində iştirak edib.
Həmin dövrdə İrena Polşanın gizli müqavimət təşkilatlarından biri olan Yəhudilərə Yardım Şurasının — “Eqota”nın (Żegota) üzvü idi. Gettoda yəhudi olmayan şəxslərin girişinə məhdudiyyət qoyulduqdan sonra İrena özünə və silahdaşına Varşavanın epidemioloji nəzarət idarəsindən xüsusi buraxılış vərəqələri əldə edə bildi.
Bu sənədlər qadınlara gettoya daxil olmaq və orada yaşayan insanlara yardım etmək imkanı verirdi. Onlar özləri ilə ərzaq və dərman gətirirdilər. Lakin ən mühüm missiyaları uşaqları ölüm təhlükəsindən xilas etmək idi.
Bunun üçün müxtəlif üsullardan istifadə olunurdu. Uşaqları zibil kisələrində, yük maşınlarında, bəzən isə kanalizasiya yolları vasitəsilə gizlicə gettodan çıxarırdılar. Körpələr alət çantalarında, bir qədər böyük uşaqlar isə yük maşınlarında brezentin altında gizlədilirdi.
İrenanın yanında həmişə bir it olurdu. O, iti alman mühafizəçilərini gördükdə hürməyə öyrətmişdi. İtin səsi uşaqların ağlamasını və gizlədildikləri yerdən gələn digər səsləri boğmağa kömək edirdi.
Bəzən Sendler mühafizəçilərə rüşvət verməyə də məcbur qalırdı. Bütün təhlükələrə baxmayaraq, o, xilas etdiyi uşaqların adlarını bir-bir qeyd edirdi. Məqsədi müharibədən sonra onları ailələri ilə qovuşdurmaq idi.
İrena bu qeydləri şüşə bankalara yerləşdirərək bağçada torpağın altında gizlədirdi. Sonradan həmin qeydlərdə minlərlə uşağın adının olduğu üzə çıxdı.
1943-cü ildə nasistlər İrena Sendleri həbs etdilər. Ona ağır işgəncələr verildi, qolları və ayaqları sındırıldı. Lakin o, xilas etdiyi uşaqlar və müqavimət hərəkatının üzvləri haqqında heç bir məlumat vermədi.
Nasistlər onun güllələnməsinə qərar verdilər. Ancaq “Eqota” təşkilatının üzvləri mühafizəçilərdən birinə rüşvət verərək İrenanın edamdan xilas edilməsinə nail oldular. Onun adı edam edilənlərin siyahısına daxil edildi və bu yolla sağ qalması gizlədildi. Müharibənin sonunadək İrena saxta adla yaşamağa məcbur oldu.
İrena Sendler 2008-ci ildə, 98 yaşında vəfat etdi. O, Nobel Sülh Mükafatına namizəd göstərilsə də, 2007-ci ildə mükafat ABŞ-ın sabiq vitse-prezidenti Al Qora verildi.
Bununla belə, onun fədakarlığı və qəhrəmanlığı layiq olduğu qiyməti aldı. İrena Sendler Polşanın bir sıra yüksək dövlət mükafatlarına layiq görüldü. O, həmçinin İsrailin “Xalqlar arasında saleh” fəxri adına layiq görülən şəxslərdən biri oldu.
İrena Sendler minlərlə uşağın həyatını xilas etmək üçün öz həyatını təhlükəyə atdı. O, insanlığın ən ağır sınaqlardan keçdiyi bir dövrdə mərhəmətin, cəsarətin və vicdanın nə demək olduğunu bütün dünyaya göstərdi.
Hazırladı: Rəsmiyyə Şərifova
KONKRET.az
