Vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında sosial bərabərliyin təmin edilməsi və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşmanın üstünlüklərini isə saymaqla bitmir. Bəzi qüvvələr isə dövlətin tətbiq etdiyi qaydaları başqa səmtə yönəltməyə və bununla da ölkədə təxribat yaratmağa cəhd göstərirlər. Bəs bu addım məktəblərdə bərabərliyin təmin olunmasına necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, vahid məktəbli formasının tətbiqi öz-özlüyündə müsbət bir addımdır:

“Birinci növbədə hər kəsin eyni geyimdən istifadə etməsi sosial bərabərliyə səbəb olur. Amma daha öncə valideyn və şagirdlər tərəfindən geyim qaydaları kobud şəkildə pozulurdu. Kimsə qısa ətəyə, digəri fərqli şalvarlara və ya koftalara üstünlük verirdi. Digəri təhsil ocağına saçını rəngləyib gəlirdi. Amma indi normativ qaydalar nəyi tələb edirsə, o formada da şagirdlər məktəbə gələcəklər. Bu da sosial bərabərliyin və sağlam təhsil mühitinin formalaşmasına yol açacaq. Eyni zamanda etik görüntü baxımdan xoş mənzərə yaradacaq”.
Ekspertin sözlərinə görə, əsas məqam ümumitəhsilin təşkili məsələsidir:
“Bir yerdə nizam-intizam varsa, orada hər şey inkişafa doğru dəyişir. Hazırki vəziyyətdə biz nizam-intizam qaydalarına riayəti tətbiq ediriksə, bu zaman təhsilin sağlam inkişafı mümkün ola bilər. Müəllim-şagird, şagird-cəmiyyət münasibətləri vahid geyim formasında təzahür edir. Ona görə də, yaxşı olar ki, hər kəs qoyulan tələblərə riayət etsin”.
Natiq Səlim
KONKRET.az
