“Xaricdə adalar, malikanələr, evlər aldınız, İsveçrə banklarında pul yığdınız” – Paşinyanbackend

"Xaricdə adalar, malikanələr, evlər aldınız, İsveçrə banklarında pul yığdınız" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan 5 dekabr tarixində ölkə vətəndaşlarına müraciətlə çıxış etdi. Hökumət başçısı Qarabağdakı son müharibəyə və Qarabağ nizamlama prosesində ondan əvvəlki illərdə aparılan danışıqlar barədə fikirlərini bildirdi. Əslində bu müraciət respublikanın keçmiş prezidenti Robert Köçəryanın ötən cümə yerli “5” telekanalına verdiyi böyük bir müsahibəyə Paşinyanın cavabı idi.

Baxmayaraq ki, Ermənistanın hazırkı hakimiyyəti etinasız hərəkətləri və bəyanatları ilə Qarabağdakı müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi. Şənbə günü edilən video müracət zamanı isə Nikol Paşinyan bildirdi ki, vaxtilə Ermənistana rəhbərlik etmiş korrupsioner hakimiyyətin təmsilçiləri 25 ildə edilən səhvlərə görə mövcud hökuməti cavabdeh kimi göstərməyə çalışır.

“İş o yerə çatdı ki, Dağlıq Qarabağı danışıqlardan çıxarıb prosesi Ermənistan və Azərbaycan arasındakı dialoqa endirən bir adam bizi siyasətimizə görə günahlandırdı. Ermənistan Dağlıq Qarabağın yerinə danışıqlara başladıqdan sonra məsələ fərqli şəkil aldı. Və bu yanaşma 20 il əvvəl baş verdi ”- deyə Paşinyan vurğuladı.

Onun sözlərinə görə, “beynəlxalq ictimaiyyət Azərbaycanın Dağlıq Qarabağa təcavüzünü Bakının ərazi bütövlüyünü bərpa etmək cəhdi kimi qəbul edir. Əvəzində isə sabiqlər bunu indiki hakimiyyətin ayağına yazır. Halbuki bu insanın (Köçəryanın) hakimiyyəti dövründə beynəlxalq ictimaiyyət rəsmi səviyyədə Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə günahlandırırdı. Məhz bu adamın hakimiyyəti dövründə İrəvanın və Stepanakertin (Xankəndi) alnına “işğalçı” damğası yapışdırıldı. İndi durub deyir ki, “işğalçı” sözündə qorxulu nə var ki…”

Paşinyanın sözlərinə görə “Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə münasibəti 2020-ci ildə formalaşmadı, bu 25 ildə baş verdi. Qarabağ məsələsinə ərazi mübahisəsi kimi baxmağa başladılar və bu, böyük problem oldu. Nəticədə Ermənistan işğalçı bir ölkə kimi qəbul olunmağa başladı. Və son 2,5 ildə bu yaramaz addan qurtulmağa cəhd göstərildi”.

Onun sözlərinə görə, Qarabağdakı 2016-cı il aprel müharibəsi Ermənistan hakimiyyətinin tanınmamış Dağlıq Qarabağ Respublikasının  ətrafındakı təhlükəsizlik kəmərindəki əraziləri Azərbaycana təslim edəcəyinə dair şifahi vədi əsasında dayandırıldı.

“Müharibədən qaça bilsəydiniz, bunu 2016-cı ildə edərdiniz. Bunu edə bilmədiniz. Ərazilərin təslim olmasına şifahi razılıq verməklə dayandıra bildiniz. Bəs biz niyə eyni şeyi edə bilmədik? Bizə Ermənistanın artıq bir neçə dəfə müxtəlif vədlər verdiyini və yerinə yetirmədiyini söylədilər. 7 rayonun qaytarılmasını bizdən yazılı öhdəlik kimi qəbul edəcəklərini bildirdilər”.

Paşinyan müharibənin 10 noyabrdan daha əvvəl dayandırmağın mümkün olduğunu da əlavə etdi. Müharibənin ilk günü Ermənistan Milli Məclisinin (Parlamenti) tribunasından müharibəni hansı şərtlərlə dayandıra biləcəyini açıqladığını xatırladı. Ancaq müxalif siyasətçilər tərəfindən açıq dəstək olmadı və o zaman bu şərtlərə razılıq verilmədi.

“İndi məlum oldu ki, hər kəs 5 + 2 formatında ərazilərin (birinci mərhələdə beş rayon, ikincidə isə Kəlbəcər və Laçin- red.) təslim edilməsinin tərəfdarı imiş. Bəs onda bunu 2016-cı ildə, 2017-ci ildə niyə etmədilər. Bu halda müharibənin qarşısı vaxtında alınmış olardı. Problem həll edilərdi. Xüsusilə aprel döyüşlərindən sonra bütün nüansları bəlli idi. Bəziləri Azərbaycanın bu 5 + 2 formatını alqışladığını düşünür. Amma bu adamlar unudurlar ki, Ermənistan bu seçimə razı olanda Bakı daha çox şey tələb edəcəkdi – Şuşanı və digər şəhərləri“, – deyə Baş nazir əminliklə bildirdi.

Onun sözlərinə görə, Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinə hakimiyyətin icazə verməsi barədə ittihamları da başa düşmür. Paşinyan bunun indi yox, on ildən çox əvvəl  Ankara Qarabağdakı işğal olunmuş ərazilərin azad edilməsi üçün ön şərt irəli sürdüyü zaman baş verdiyini bildirdi.

Bundan əlavə, hökumət başçısı Qarabağdakı müharibədən sonra demarkasiya işlərinin başladığını dedi və qeyd etdi ki, Ermənistan-Azərbaycan sərhədinin cəbhə xəttinə çevrilməməsi olduqca vacibdir.

“Silahlı qüvvələrimiz sərhəd boyunca yerləşdirilib. Bu proses insanların şüurunda problemlər yaradır. Praktik xarakterli digər problemlər də var. Amma həll olunmayan deyil. Biz onların həlli üzərində işləyirik. Bundan sonrakı fəaliyyətlərimiz bu cəbhə xəttini həqiqi bir sərhəd halına gətirməkdir”, – deyə Paşinyan vurğuladı.

Baş nazir bu günlərdə erməni cəmiyyəti üçün son dərəcə ağrılı olanlara, Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatları nəticəsində öldürülənlərin, itkin düşənlərin və hərbi əsirlərin mövzusuna da toxundu. Ermənistan və Azərbaycan əslində “hər kəs hamı üçün” prinsipi ilə məhbus mübadiləsi barədə razılığa gələ bildiklərini söylədi.

O əlavə etdi ki: “Bu, yalnız müharibə əsirlərinə deyil, ondan əvvəl Ermənistan və ya Azərbaycan tərəfində qalanlara da aiddir. İndi haqqında da bildiyimiz və gələcəkdə məlumatları ortaya çıxa biləcək digər məhbusların geri qaytarılması üçün bu mexanizmlər inkişaf etdirilməlidir”.

Hökumət başçısı son nəticəyə inandığını qeyd edərək vətəndaşları bu məsələdə səbirli olmağa çağırdı.

Baş nazir itkin düşənlərin axtarışını başlıca vəzifə kimi qiymətləndirir. Paşinyan bu mövzuda danışmağın çətin olduğunu etiraf etdi, lakin bəzi detalları verməyi vacib saydı. Erməni hərbçilərinin cəsədlərinin Azərbaycanın nəzarətində olan ərazilərdən çıxarılmasını, çətin müəyyənləşdirilən cəsədlərin dəqiqləşdirilməsinin aparıldığını söylədi. Atəşkəsdən sonra 600-dən çox hərbçinin cəsədi çıxarıldı. Onlardan 500-ünün şəxsiyyəti müəyyənləşdirildi.

“Çox güman ki, bunlar itkin düşmüş soydaşlarımızın cəsədləridir. DNT testləri istifadə edilərək müəyyənləşdirmə prosesi davam edir. Bu proses vaxt aparır, 10 noyabrdan bəri 135 ölənin cəsədi yaxınlarına təhvil verildi. Proses davam edir”, – deyə baş nazir fikrini tamamlayıb.

Onun sözlərinə görə, haqqında danışmaq istəmədiyi başqa bir itkin şəxs qrupu da var. Nikol bildirdi ki, onlar barədə aktiv iş aparılır.

Baş nazir çıxışı zamanı özünə qarşı edilən başqa bir irada da cavab verdi. Bildirdi ki, müharibə zamanı Qarabağ üzərindəki hava xətti bağlanmadı. Çünki əvvəlki hakimiyyət orqanları tərəfindən 42 milyon dollara alınan elektron müharibə (EW) sistemləri işləmədi.

Robert Köçəryan və ondan sonrakı respublikanın keçmiş hərbi-siyasi rəhbərliyinin bir sıra digər nümayəndələri, o cümlədən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan əvvəllər Paşinyan hökumətinin silah və hərbi texnika satınalmasında “taleyüklü səhvlərinə” işarə etmişdi.

“Göylər bağlandı, xanımlar və cənablar! Çünki 2017-ci ildə Ermənistan ordusu üçün 42 milyon dollara sistemlər (EW) satın aldınız. Bu sövdələşmənin həmmüəllifi (görünür, General Akopyanı nəzərdə tuturdu – red.) guya sensasiyalı açıqlamalar verir.  Guya ona bu sistemin əvəzinə Su-30 alması təklif olunub və təklifə razı olacağı təqdirdə ona “şapka” vəd edilibmiş. Buyurun “qətiyyətinizlə” bu yaramaz sistemləri satın aldınız Bəs nəticə?”- deyə Paşinyan istehza ilə soruşdu.

O, əlavə etdi ki, bir neçə aydır ki, mütəxəssislərlə geniş müzakirələrdən sonra aydın oldu ki, satın alınan Osa-AK zenit raket sistemləri Azərbaycanın hava hücumları qarşısında aciz qalıb. Baş nazir sonda dedi: “İki il yarımda əlimizdən gələni etdik. Maaşları qaldırmalıydıq (hərbi qulluqçular üçün), əsgərlər və ayaqqabılar, paltar məsələsi həll edilməli, pulemyot və patron, hava hücumundan müdafiə sistemləri və təyyarələr almalı idik. Bəli, son 20 ildə alınmayan hər şeyi almalı idik. Bəli, iki ildə bəzi hədəflərə çatmadıq. Amma siz niyə 18-20 ildə bunları etmədiniz? Əvəzində isə xaricdə adalar, malikanələr, evlər aldınız, İsveçrə banklarında pul yığdınız”.

“”EAD daily” nəşri, 6 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*