“Xocalı soyqrımını törədənlərin cəzalandırılması üçün bütün proseslər gedir” – MİLLƏT VƏKİLİbackend

"Xocalı soyqrımını törədənlərin cəzalandırılması üçün bütün proseslər gedir" – MİLLƏT VƏKİLİ

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsrlər boyu davam edib. Bunun nəticəsidir ki, ermənilər ölkənin müxtəlif ərazilərində dinc əhaliyə qarşı qətliamlar həyata keçiriblər. Tarixin dəhşətli faciələrindən olan Xocalı soyqırımı da onlardan biridir. Xocalının dinc sakinlərinə qarşı törədilən bu qətliam Azərbaycanın tarixində ən faciəvi səhifədir. Xalqımızın yaddaşında əbədi olaraq qalacaq Xocalı qətliamını artıq 31 ildir dərin hüznlə xatırlayırıq.

Milli Məclisin deputatı Arzu Nağıyev faciənin ildönümü ərəfəsində KONKRET.az-a fikirlərini bölüşüb, cinayətkarların cəzalandırılması üçün dövlət tərəfindən müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb:

“Xocalı soyqırımı Azərbaycan tarixinə yazılan ən qara səhifələrdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə məhz Xocalıda yerləşən Rusiyanın 366-cı motoatıcı alayının Xocalı şəhərini işğal etməsi etnik azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti idi. O vaxt güya dəhlizin açılması vasitəsilə, əslində isə hərbi və beynəlxalq humanitar qanunlara sığmayan acınacaqlı şəraitdə azərbaycanlıların ərazidən çıxmasını istəyiblər. Əhalini çıxardıqdan sonra həmin dəhlizlərdə onları güllələyib, məhv edib və əsir götürüblər.

Hadisə nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla sakinləri güllələyiblər. Faciə 8 ailənin məhvinə səbəb olub və 1200-dən çox əsir götürülüb. Bu vəhşiliyi törədən isə 366-cı alayın əsgərləri və zabitləri olub. Məlum məsələdir ki, onların sıralarında çoxlu erməni əsgərləri də olub. Ermənilər bunu törətməklə Azərbaycan xalqının gözünü qorxudaraq, digər rayonların işğal olunmasında oxşar əməliyyatlar keçirəcəklərini düşünüblər. Əsas məqam ondan ibarətdir ki, 366-cı alaya qarşı Azərbaycan tərəfindən cinayət işləri qaldırılıb, onlar axtarışa verilib və barələrində müvafiq qərarlar qəbul olunub.

Təəssüf ki, 1992-ci ilin həmin dönəmində Azərbaycanda böyük hərc-mərclik hökm sürüb. Xocalı sakinləri dəfələrlə kömək istəmələrinə rəğmən, müxtəlif qrupların üzvləri onlara vaxtında yardım etməyiblər. Fevralın əvvəlində Malıbəyli, Qaradağlı və Ağdabanda ermənilərin işğal siyasəti həyata keçirərək mülki əhalini məhv etməsinə baxmayaraq, ovaxtkı hakimiyyət buna məhəl qoymayıb”.

A.Nağıyev onu da əlavə edib ki, “Xocalıya ədalət” kampaniyası bu faciənin müxtəlif dövlətlər tərəfindən tanınması üçün şərait yaradıb:

“Xocalı soyqırımı çox acınacaqlı bir hal kimi tarixə düşdü və bu zaman Azərbaycanın siyasi rəhbərliyində dəyişikliklər oldu. Bu gün “Xocalıya ədalət” kampaniyası nəticəsində bir sıra dövlətlər Xocalı faciəsini soyqırım kimi tanıyıb və bu istiqamətdə də ciddi addımlar atıblar. Faciəni qətliam kimi tam səviyyədə Pakistan, Sudan, parlamentlər səviyyəsində bir sıra dövlətlər, ABŞ-ın 20-dən çox ştatı tanıyır.

Bu gün də Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları səviyyəsində, digər bütün istiqamətlərdə Xocalının soyqırım kimi tanınması üçün müvafiq addımlar atılır və cinayətkarların cəzalandırılması istiqamətində bütün proseslər gedir”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*