“Xruşşovka”, kolbasa, nudizm – ADR-də həyat necə idi?backend

"Xruşşovka", kolbasa, nudizm - ADR-də həyat necə idi?

35 il əvvəl – 9 noyabr 1989-cu ildə Berlin Divarı söküldü. Almaniya Demokratik Respublikası (ADR) ən qərbdə yerləşən sosialist ölkə idi. Təcrübədə isə bu o demək idi ki, burada həyat səviyyəsi və təchizat digər sovet ölkələrindən daha yaxşı idi. Lakin burada qərbə yaxınlıq illüziya idi – qanunsuz konsertə getmək həbslə nəticələnə bilərdi.

ADR-də insanlar harda yaşayırdılar?

İkinci Dünya Müharibəsindən sonra Berlinin şərq hissəsini sovet mütəxəssisləri bərpa etmişdilər, ona görə də burda hətta Şərqi Avropa meyarlarına görə də tipik sovet binaları çoxdur. Xüsusilə də tarixi mərkəzdə: XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilmiş, Avropa üçün daha xarakterik olan 4-5 mərtəbəli evlərin arasında hələ də beşmərtəbəli boz panel evlər var.

1970-80-ci illərdə ölkənin böyük şəhərlərində tipik sovet binalarından ibarət mikrorayonlar salınıb, məsələn, Berlindəki Pankov kimi.

25 il ADR-də yaşamış kunq-fu müəllimi Ralph Henel deyir ki, bir dəfə əlində ünvan yazılmış kağızla o mikrorayona gedib, amma bir-birinin eyni olan yüzlərlə binanın arasından özünə lazım olanını tapa bilməyib.

Henel həm Berlində, həm də Almaniyanın şimalındakı Rostokda yaşayıb. O, qaldığı tipik mənzillərin SSRİ-dəkilərdən yeganə fərqinin hamam və tualetlərin mərtəbələrarası meydançalarda yerləşməsi olduğunu deyir.

Henel o vaxt Rostokda kiçik ikiotaqlı mənzilin kommunal xərclərinin 23 mark olduğunu bildirir (ozamankı kursa görə 1 sovet rublu 2,47 ADR markasına bərabər idi). Berlindəki yeni üçotaqlı mənzil üçünsə ayda 60 mark ödəmək lazımmış.

Nə alırdılar?

Berlindəki ADR muzeyinin direktoru, “Diktaturanın xoşbəxt dünyası” kitabının müəllifi Stefan Volf danışır ki, 1980-ci illərin əvvəlllərində Moskvada və Leninqradda olub: “Geri dönəndə ADR mənə cənnət kimi göründü. Moskvada yaşadığım dörd həftədən sonra Şərqi Berlindəki universama girəndə heyrətlə “İlahi!” dedim. Orda nələr yoxuydu – bir neçə növ kolbasa, bir neçə növ pendir. Ümumiyyətlə, mağazada kolbasa və pendir vardı! O vaxt mənə təəccüblü gəlirdi ki, ADR-də təchizatdan necə narazı olmaq olar”.

ADR-i həqiqətən də “sosializmin vitrini” adlandırırdılar – o, sosialist blokun ən qərbdəki ölkəsiydi və onun təchizatı həmişə SSRİ-dən daha yaxşı olurdu.

Xatirələrə, muzey eksponatlarına və o dövrün şəkillərinə əsasən demək olar ki, ADR-də adi ərzaq mağazaları olub, amma SSRİ ilə müqayisədə əsas fərq bu mağazalarda həqiqətən də ərzağın olması idi.

Adi qastronomda iki-üç növ pendir, kolbasa, konfet, kərə yağı, Bolqarıstanın və Macarıstanın tərəvəz konservləri, çay və kakao (bəzən kofe), bir neçə növ pivə, çaxır və tünd alkoqol, o cümlədən, sabun və diş pastası kimi elementar məişət əşyaları satılıb.

Ərzaq təchizatında qısamüddətli problemlər Divar söküləndən dərhal sonra yaranıb. Qərbi Berlin sakini Toni Gervid xatırlayır ki, mağazalara səhər 6-dan gedib növbə tutmaq lazım gəlib, saat 10-da isə rəflər artıq boş olub.

Qadağan olunan məhsulları necə əldə edirdilər?

ADR tarixinin önəmli hissəsi “İnterşop” mağaza və köşklər şəbəkəsidir (SSRİ-dəki “Beryozka” valyuta mağazalarının və daha müasir “düti-fri” aeroport mağazalarının analoqu). Bu mağazalarda “sərbəst dönərli valyutaya” – ilk növbədə AFR markasına və ucuz qiymətə Qərb istehsalı olan siqaretlər, alkoqol, kosmetika və məişət texnikası almaq olub. Bu məhsulların heç biri adi mağazalarda satılmayıb. ADR vətəndaşları valyutanı ancaq ölkənin qərbində qalmış qohumlarından ala biliblər. Çox vaxt həmin mağazaların satıcıları “Ştazi” əməkdaşları olub, onlar şübhəli və Qərblə əlaqəli şəxsləri axtarıblar.

Berlin yaxınlığında yaşayan Anika Stive uşaq vaxtı ildə bir dəfə valideynləriylə birlikdə belə mağazalardan birinə gedib. Hər dəfə o, “Barbi” kuklası istəyirmiş, amma ata-anası şokoladla kifayətlənməli olublar. Anika “Barbi”ni ancaq Divar söküləndən sonra ala bilib.

Alman markasından tutmuş Amerika cinslərinə qədər qalan hər şey əldən – qara bazarda satılıb. Ralph Henel Qərbi Almaniya jurnallarını və kunq-fu məşğələləri üçün videokasetləri bu yolla əldə edib.

O danışır ki, bir dövrdən etibarən qəzetlərdə çoxlu şəxsi elan dərc olunmağa başlayıb: həmin elanlarda müxtəli əmtəələri vanna otağı üçün mavi kafelə dəyişmək təklif edilirmiş. Əvvəlcə Henel mavi kafelin niyə bu qədər populyar olduğunu anlamayıb, sonra onu başa salıblar ki, əslində AFR-in 100 markalıq mavi əskinası və alıcının Qərb valyutasıyla ödəniş edəcəyi nəzərdə tutulur.

Maşınları hansı markaydı?

Divarın tikilməsi Berlində ən populyar ictimai nəqliyyat növləri olan tramvay (S-Bahn) və metronun (U-Bahn) tamamilə yenidən qurulmasına səbəb olub. ADR-in təşəbbüsüylə qərb və şərq arasındakı nəqliyyat əlaqəsi Divar tikilməyə başlayan gün – 13 avqust 1961-ci ildə dayandırılıb.

Nəqliyyat sistemi şəhərin bölünməsinə hesablanmadığı üçün metro xətlərinin böyük hissəsi qərb tərəfdə, iki tramvay xətti bütövlükdə şərq tərəfdə qalıb. İki metro xətti isə qərbdə başlayıb qərbdə qurtarır, amma şərqdən də keçirmiş – hər iki xəttin altı stansiyası 30 il ərzində bağlı qalıb. Qatarlar bu stansiyalarda dayanmadan hərəkət ediblər.

ADR ərazisində “Volkswagen” və “Audi” konsernlərinə aid bir neçə zavod qalıb. Onlar milliləşdirilib və bu, ADR-də müharibədən dərhal sonra sosialist avtomobillərinin istehsalına başlamağa imkan verib. AFR ərazisindəki şirkətlərlə bağlı əmlak mübahisələri 1950-ci illərin əvvəllərinə qədər davam edib. Məsələn, BMW şərqdə istehsal olunan avtomobillərin adını dəyişdirməyi tələb edib və onlar bazara EMW adıyla çıxarılıb.

Şərqi Almaniyada bütün nəqliyyat növləri istehsal olunub – yük maşınlarından tutmuş velosipedlərə qədər. 1957-ci ildə yaradılan, 15-16 milyonluq əhaliyə ildə 2 milyon ədəd istehsal edilən “Trabant” avtomobili ölkənin ən populyar markası olub. İkinci yerdə “Wartburg” avtomobili, üçüncü yerdə sovet istehsalı olan “Lada” avtomobili gəlib. Yük avtomobili və mikroavtobuslar (o cümlədən, hərbi təyinatlı məhsullar) “Robur” zavodunda istehsal olunub.

“Xalq avtomobili” kimi tanınan “Traban”ın qiyməti cəmi 5,2 mark olub (Müqayisə üçün – “Zaporojets” 7 min, VAZ-2101 isə 10,5 marka satılıb). Belə qiymət siyasəti ona gətirib çıxarıb ki, tələb həmişə təklifdən yüksək olub, “Traban” almaq üçün insanlar illərlə növbə gözləyiblər.

Almaniya birləşəndən sonra bu brendlər ləğv olunub, zavodlarsa əvvəlki sahiblərinə qaytarılıb.

Televizorda və kinoteatrlarda nəyə baxıblar?

ADR-in əsas tele-radio şirkəti olan “Deutscher Fernsehfunk” 1952-90-cı illər aralığında fəaliyyət göstərib. 1970-ci illərin əvvəllərindən etibarən bu kanal DDR TV-1 və DDR TV-2 üçün məhsul istehsal edib. Orda xəbərlər və siyasi verilişlər yayımlanıb (Bəziləri sovet televiziyasındakı verilişlərin oxşarı olub, məsələn, sovet blokuna daxil olan ölkələrdəki həyatı tərifləyən, kapitalizm dünyasını tənqid edən “Beynəlxalq panorama” verilişi kimi).

Siyasi mövzular xaric, ADR televiziyasında qaydalar daha yumşaq olub. Nudist çimərliyindən reportaj – insanların niyə paltarsız qaralmaq istədikləri haqda xəbər Berlindəki ADR muzeyində hələ də qalmaqdadır. SSRİ-də belə şey mümkün deyildi, milis və drujinaçılar nudistləri təqib edirdilər.

1970-ci illərdən etibarən xüsusi antenaların köməyilə AFR-in əsas ARD və ZDF kanallarına baxmaq imkanı yaranıb, amma görüntü keyfiyyətsiz olub. Qərb televiziyasına siyasi yox, daha çox əyləncə məqsədiylə baxıblar: orda 1980-ci illərin birinci yarısında çox populyar olan “Depeche Mode”, “Duran Duran” və “Spandau Ballet” qruplarının canlı ifaları nümayiş etdirilib. Tez-tez gecə yarısından sonra erotik filmlər göstərilib.

“Biz qərb seriallarına baxaraq böyümüşük. Qərb həyatını ZDF serialındakı kimi təsəvvür edirdik. Kiçik və rahat ev, it, uşaqların heç nəyə ehtiyacı yoxdur. Azadlıq. Məzuniyyətdə balaca maşınla İtaliyaya səyahət. Mən qərbi hər şeyin olduğu parlaq və gözəl bir yer kimi təsəvvür edirdim” – Anika Ştiva belə deyir.

ADR-də kino İkinci Dünya Müharibəsinin nəticələrinin dərkinə həsr edilib (Bu mövzuya həsr olunmuş “Ana, mən sağam” filmi SSRİ-də də çox populyar olub). Bundan başqa, nağıllar, fantastika, detektivlər çəkilib. Ralph Henel kino biletlərinin çox ucuz, bir markadan da az olduğunu deyir. Filmlərdən əvvəl sovet kino-jurnalı “Fitil”in Şərqi Almaniya variantı nümayiş etdirilib. Orda ADR iqtisadiyyatının uğurlarından bəhs edilib.

ADR-də çəkilən ən məşhur filmlər azadlılq uğrunda mübarizə aparan Amerika hindularından bəhs edib. “Böyük Ayının oğulları”, “Başçı Ağ Lələk” və onlarla bu tip film bütün sosialist düşərgədə hitə çevrilib, əsas filmlərdə çəkilmiş yuqoslaviyalı aktyor Qoyko Mitiç ulduz olub və sonralar da filmlərdə ancaq hinduları canlandırıb.

1980-ci illərin sonunda kəskin sosial mövzulu filmlər ortaya çıxıb. “Kaminq-aut” adlı film homoseksual olduğunu etiraf etmək istəyən və total ictimai qınağa hazırlaşan oğlandan bəhs edib. “Bürokratik əngəllər proqressiv ideyaların reallaşmasına mane olur, ailədə isə problemlər başlayır: arvadı Vanda ADR-dəki monoton həyatdan bezir və qızıyla birlikdə Qərbə köçmək istəyir” – bu, “Arxitektor” filminə yazılmış annotasiyadır. Birinci hissəsi Divar sökülməzdən bir neçə saat əvvəl, ikinicisi dərhal sonra nümayiş etdirilib.

ADR-də nəyə qulaq asırdılar?

BBC-nin əməkdaşı Kric Boulbi deyir ki 1960-70-ci illərdə qərbin rok musiqisini sevmək ADR-də həbslə cəzalandırılıb. 1969-cu ildə Şəqri Berlində şayiə yayılıb ki, Qərbi Berlinə “The Rolling Stones” qrupu gələcək və bu biri taydakıların da görə bilməsi üçün damların birində konsert verəcəklər. Ora yığılan insanları polis və “Ştazi” əməkdaşları dağıdıb. Bir gənci isə həbs edib iki il həbs veriblər, sonra da ailəsi şərqi Berlində qala-qala özünü AFR-ə sürgün ediblər.

1987-ci ildə Qərbi Berlinə David Bovie gəlib və o da damda konsert verib. Bu dəfə insanları qovmayıblar. Bruce Springsteen-in 1988-ci ildə Şərqi Berlində verdiyi konsertə 100 mindən çox adam gedib.

1990-cı ildə “Pink Floyd”un üzvü Roger Waters Berlində XX əsrin ən əsas rok-şousunu təşkil edib – Berlin Divarının xarabalıqları üzərində Scorpions, Bryan Adams, Sinéad O’Connor çıxış ediblər, Waters özü isə “The Wall” albomundan mahnı ifa edib.

Divar hələ mövcudkən Qərbi Berlində yaşayan Tony Gervid deyir ki, Almaniyanın hər iki paytaxtında pank-rok çox populyar olub. Amma Qərbdə festivallar keçirildiyi halda şərqdə 20-25 nəfər üçün gizli konsertlər keçirilib.

Vinil vallar buraxan AMİGA şirkəti bütün Şərqi Avropada populyar olub. Rəsmi mağazalarda ancaq ADR-dən olan ifaçıların diskləri satıldığı halda, qara bazarda 1960-70-cı illlərin bütün məşhur rok-ulduzların yüksək keyfiyyətli kasetlərini tapmaq mümkün olub.

ADR-də harda istirahət edirdilər?

Şərqi Almaniya vətəndaşlarının böyük əksəriyyəti ölkə daxilində, düşərgələrdə və ya Baltik sahilindəki istirahət evlərində dincəliblər, ən məşhuru liman şəhəri Rostok yaxınlığında yerləşən, 3 kilometrlik plyajı olan Varnemünd kurortu olub.

Xaricə səyahət üçün çox az adama icazə verilib. Əsasən SSRİ-yə və sosialist blokun digər ölkələrinə – Polşa və Çexoslovakiyaya getmək olardı.

Sirk ustası Roma Gervida danışır ki, yüksək ixtisaslı kadr kimi SSRİ-yə və Çexoslovakiyaya səfər edib, amma ideoloji baxımdan çox da etibarlı sayılmayan Macarıstan və Yuqoslaviya kimi sosialist ölkələrinə buraxılmayıb. Kapitalist ölkələrinə, xüsusilə də AFR-ə getmək ümumiyyətlə mümkün olmayıb.

1972-ci ilə qədər Qərbi Berlindən AFR-ə və digər Avropa ölkələrinə getmək mümkün olub – əsasən təyyarəylə və xüsusi olaraq bunun üçün müəyyən edilən hava koridorlarıyla. Sonra ADR və AFR şəhərin qərb tərəfində yaşayanlara AFR-ə qatar və avtomobillə getmək icazəsi verən tranzit razılaşması imzalayıblar. Ancaq bu səyahətlər zamanı ADR və AFR vətəndaşlarına bir-birilə kontakt qurmaq qadağan edilib.

Qərb nömrəli avtomobillər üçün xüsusi dayanacaqlar olub, yollara milis və “Ştazi” agentləri nəzarət edib. Razılaşmaya görə, onlar ADR-də yol hərəkəti qaydalarını pozan AFR vətəndaşlarını tuta və cəzalandıra bilərdilər, ancaq ADR-də axtarışda olanları yox.

Nəyə inanırdılar?

Müasir dövrdəki sorğulara görə, Almaniya əhalisinin üçdə biri ateist, 30,9%-i katolik, 30,2%-i protestan, 4%-i müsəlmandır. Din azadlığı ölkənin əsas qanunuyla təmin olunur.

Ölkə ikiyə bölünəndə digər sosialist ölkələrində olduğu kimi, ADR-də də ateizm rəsmi ideologiya elan olunub. SSRİ-dəki kimi, burda da kilsələri məhv ediblər, dindarlara qarşı məhdudiyyətlər tətbiq olunub.

1969-cu ildə məşhur Berlin teleqülləsi tikilib. Günəş şüaları konstruksiyanın yuxarı hissəsindəki şarın üstünə düşəndə orda xaç əmələ gəlib. Berlinin hər iki hissəsinin vətəndaşları bu təzahürü “Roma papasının qisası” adlandırıblar – dindarların sıxışdırılmasına görə.

Anika Stive danışır ki, atası din xadimi olduğu üçün onu pioner təşkilatına üzv etməyiblər və o, təşkilatın məktəb həyətində keçirilən tədbirlərini tək qaldığı sinif otağının pəncərəsindən seyr edib.

Belələrini ali məktəblərə də buraxmayıblar – Stive ancaq ölkə birləşəndən sonra ali təhsil ala bilib. Onun qardaşı və bacıları isə kilsəyə bağlı məktəblərdə oxuyublar.

Bu ayrı-seçkilik kilsələri və kilsə xadimlərinin yaşadığı evləri müxalif dərnəklərə çevirib. Stive siyasət haqqında söhbətlər eşitdiyini, Berlin Divarı sökülləndə valideynlərinin ağladığını xatırlayır – ata-anası bunun onlar sağkən baş verəcəyini gözləmirmiş.

ADR-də uşaqlar və yeniyetmələr nəylə məşğul olublar?

Digər sosialist ölkələrində olduğu kimi, ADR-də də uşaq və gənclər təşkilatları olub. Orda pionerə hələ birinci sinifdən (SSRİ-də üçüncüdən), Azad Alman Gənclərinin Komsomol İttifaqına isə 7-ci sinifdən üzv olublar.

ADR-in pioner təşkilatının əsas fərqi göy rəngli ipək qalstuk olub. Çünki təşkilat ölkə daxilində Hitlerin əsas rəqiblərindən biri olan Ernest Telmanın adını daşıyıb və göy onun Sosial-Demokrat Partiyasının rəngi olub.

Pioner və komsomol təşkilatlarına üzv olmadan ali məktəbə qəbul edilmək praktiki olaraq mümkün deyilmiş.

Ralph Henel deyir ki, DJ-lər klubuna o, komsomol təşkilatı vasitəsilə üzv olub: “Biz musiqi tarixini öyrənirdik, səhnədə mikrofonla necə durmağı məşq edirdik. Bir dəfə ən yaxşı DJ-lərdən biri kimi məni SSRİ-yə göndərdilər. Əvvəl Riqada, sonra Leninqradda olduq, hətta diskotekalar təşkil etdik. Bu, çox möhtəşəmiydi – cəmi 16 yaşın var, böyük bir kütlənin qarşısında dayanmısan, onlar qışqıra-qışqıra hansı musiqini istədiklərini deyirlər və sən onların arzusunu yerinə yetirə biləcək yeganə adamsan”.

1990-cı ildə pioner və komsomol təşkilatları öz fəaliyyətllərini dayandırıblar.

“Ostalgiya” nə deməkdir?

Sosialist şərqi üçün darıxmaq. Hesab olunur ki, Almaniyanın birləşməsi ölkənin şərqində yaşayanlar üçün çox ağrılı keçib, həyat səviyyələrindəki fərqin aradan qalxmasına az qala iyirmi il lazım gəlib.

1990-2000-ci illərdə “ostalgiya”dan sol yönümlü siyasətçilər istifadə ediblər, həmin dövrdə “ADR-də istehsal olunub” etiketli məhsullar da çox populyarıymış. Ancaq bu, siyasi yox, daha çox mədəni xarakter daşıyıb. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Günter Qrassın “Geniş çöl” əsəri həmin dövrün əsas manifestidir.

Bu təzahürün nəticəsi olaraq 2006-cı ildə Berlinin mərkəzində o dövrə aid məişət əşyaların nümayiş etdirildiyi ADR muzeyi yaradılıb.

“Divar söküləndən sonrakı ilk illərdə ictimai diqqət, elm və publisistika dövlət təhlükəsizliyinə, həbsxanalara və repressiyaya yönəldi. Sonralar insanlar daha tez-tez deməyə başladılar ki, qaranlıq tərəfləri çox olan sistemdə onların həyat daha rəngli və daha çoxtərəfli olub. Ancaq televizor və qəzetlər bunu əks etdirmirdilər” – muzeyin direktoru Stefan Volf belə deyir.

2019-cu ildə muzeyi 6 milyon adam ziyarət edib. Volf deyir ki, gələnlərin çoxu alman deyil, ABŞ, Britaniya, Avstraliya vətəndaşlarıdır.

Siyasi məzmun muzeyi yaradanları narahat etmir.

Volf “Biz artıq daha təmkinli olmuşuq. Həmin dövr haqqında ironiyayla danışa bilirik” deyir, eyni zamanda, Divar və “Ştazi” muzeylərinə də getməyi tövsiyə edir.

Hazırda “Ostalgiya” o qədər də populyar deyil – indi bu termindən sağçılar və ultra sağçılar istifadə edirlər (məsələn, parlamentdəki 709 yerdən 94-ünə sahib olan Almaniya üçün Alternativ Partiyası).

“Mənə elə gəlir ki, “Ostalgiya” anlaşılandır – hər kəsdə belə bir hissiyyat var ki, uşaqlıqda hər şey gözəl olub, ya da ən azı pis olmayıb. Təsəvvürlərdə keçmiş dəyişir, insanlar onu çəhrayı rəngdə görürlər. Bizdə həm də bir itki hissi var. Sanki hər şeyi əlimizdən alıblar və biz heç nəsiz qalmışıq” – Anika Stive belə deyir.

Bir cavab yazın