Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, vətəndaşların illərlə yığdıqları pensiya kapitalının bir hissəsini təqaüdə çıxarkən birdəfəlik şəkildə əldə etməsi ideyası cəmiyyətdə maraq doğurur. Bu yanaşma bir tərəfdən insanların öz vəsaitlərinə daha çevik çıxışını təmin edə bilsə də, digər tərəfdən mövcud sosial və vergi problemləri fonunda müəyyən risklər də yaradır.
Bəs, Azərbaycanda vətəndaş təqaüdə çıxarkən yığdığı pensiya kapitalının bir hissəsini birdəfəlik ala bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, yığılmış pensiya kapitalının müəyyən hissəsinin vətəndaşlara birdəfəlik qaytarılması ideyası bir neçə dəfə gündəmə gətirilsə də, hətta Milli Məclisdə müzakirə olunsa da, bu günə qədər konkret qanun layihəsi qəbul edilməyib.

Onun sözlərinə görə, belə bir qanun qəbul edilsə belə, ödənişin hansı şərtlərlə və hansı mexanizmlə həyata keçiriləcəyi hələ də açıq sual olaraq qalır. Mövcud şəraitdə əsas problemlərdən biri əməkhaqqıların real məbləğdə rəsmiləşdirilməməsidir:
“Bu gün də vergidən yayınma halları qalmaqdadır. Məsələn, vətəndaş faktiki olaraq 1000–1200 manat əməkhaqqı aldığı halda, rəsmi sistemdə onun maaşı 400 manat göstərilir. Bu isə birbaşa onun pensiya kapitalının az formalaşmasına səbəb olur. Belə olan halda, əgər pensiya kapitalının bir hissəsi birdəfəlik ödənilərsə, vətəndaş faktiki gəlirinin daha yüksək olduğunu necə sübut edəcək?
Məsələ yalnız pensiya ilə məhdudlaşmır. Sosial yardım sistemində də oxşar problemlər mövcuddur. Rəsmi gəliri aşağı göstərilən bəzi şəxslər sosial yardımlardan yararlanır.
Əgər gələcəkdə pensiya kapitalının bir hissəsi birdəfəlik ödənilərsə, bu zaman əvvəllər əsassız şəkildə sosial yardım alan şəxslərin həmin vəsaitləri faizləri ilə birlikdə dövlət büdcəsinə qaytarması məsələsi də gündəmə gələcək.”
Günay Hüseynovanın fikrincə, belə bir mexanizmin tətbiqi üçün ilk növbədə sistemli və ciddi islahatlara ehtiyac var. O, bildirib ki, nəzarət mexanizmləri gücləndirilməli, əmək bazarında şəffaflıq təmin olunmalıdır:
“Yoxlama aparan məmur bilməlidir ki, məsələn, təcrübəli jurnalist 450 manat maaş almır. Bu kimi hallarda vergidən yayınma faktları aşkar edilməlidir. Əgər pensiya kapitalının bir hissəsinin birdəfəlik ödənməsi qanunla təsbit olunarsa, bu həm də vətəndaşların öz hüquqlarını tələb etməsinə stimul verəcək.”
Beləliklə, ekspertin fikrincə, pensiya kapitalının bir hissəsinin vətəndaşlara birdəfəlik ödənməsi ideyası real olsa da, onun tətbiqi üçün ilk növbədə kölgə iqtisadiyyatının azaldılması və sosial sistemdə şəffaflığın artırılması əsas şərt kimi çıxış edir.
Aynurə İsmayıl
KONKRET.az
