İmtahan şəxsin biliklərini ölçən bir sistem olduğundan, “İmtahanda nə qədər bal toplayacam? Uğurlu ola biləcəmmi?” düşüncəsi abituriyentləri rahat buraxmır. Gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beyinin işləmə mexanizminin zəifləməsi ilə nəticələnir. Belə olan təqdirdə isə abituriyent imtahanda bildiklərini layiqincə ifadə edə bilmir və çox təəssüfki ya imtahandan kəsilir, ya da öz potensialından aşağı bal toplayır. Sonda isə ətrafı və ailə üzvləri tərəfindən qınanan və çıxdaş edilən yeniyetmə intiharı çıxış yolu kimi görür.
Mövzunu KONKRET.az-a şərh edən tanınmış psixoloq Vəfa Rəşidova bildirib ki, əksər hallarda intihara gətirən yollar var: “Təəssüflər olsun ki, bizim Azərbaycan ailələrində hələ də valideynlər öz uşaqlarını professor, həkim və hüquqşünas kimi görmək istəyindən və inadından əl çəkməyiblər. İnsanlar elə bilirlər ki, müdir kreslosunda əyləşmək asan başa gəlir. Amma valideynlər bu çətin prosesin necə keçildiyini övladlarına aşılamırlar. Heç kim universiteti bitirən kimi “kreslo”da əyləşmir və milyonlar qazanmır. Nə vaxt ki, ailə modellərimiz bu cür fikirlərdən vaz keçəcəklər, o zaman imtahanlarla bağlı intiharların sayı kəskin azalacaq. Amma bu gün valideyn övladına yaxşı və uğurlu insan olmağı aşılamır. Onun üçün yalnız övladının qəbul imtahanlarında yüksək bal toplaması vacibdir. Bu halda valideyn öz qohumlarının yanında başıuca gəzir. Bu, eqonun bir növüdür, bir az da narsistlikdir. Amma uşağın nə istədiyini düşünən yoxdur. Ona görə də, Azərbaycanda öz sahəsində peşəkar insanlar çox azdır. Bütün sahələrdə əsl peşəkar tapmaq “samanlıqda iynə axtarmaq” kimi bir şeydir”.

Psixoloqun sözlərinə görə, həkim ailələrində valideynlər öz övladlarını zorla bu peşəyə yönəldirlər: “Amma uşağın basdırılmış duyğuları, həyatda bir şəxsiyyət kimi formalaşmaması, öz istəklərinə qarşı yaşaması, sonda isə aldığı travmaların acısını pasiyentlərindən çıxması heç kimi düşündürmür. Bircə valideynin başıuca gəzməsi, övladının isə 700 bal toplayaraq ali məktəbə qəbul olması cəmiyyəti maraqlandırır. Bu gün cəmiyyət psixoloqların, həkim və vəkillərin əlindən həddindən çox əziyyət çəkir. Hazırda hər hansısa bir insan öz sahəsində olmadığından, məcbur şəkildə psixoloq, həkim və ya hüquqşünas ixtisasına yiyələndiyindən ona üz tutan insanları maddi və mənəvi cəzalandırır. Bu, təkcə həmin insanın deyil, onun valideynlərinin də günahıdır. Belə məsələləri isə insanın vicdanı qəbul etmir. Sonda intihar baş verir”.
Vəfa Rəşidova əlavə edib ki, imtahanqabağı stressləri ailələr yaradır: “Hər şey ailədən başlayır. Ailə üzvləri övladını “niyə oxumursan?”, “müəllimlər niyə mənə şikayət edir?” kimi ifadələrlə danlayır. Bunun nəticəsində isə intihar qaçılmaz olur. Ona görə də, ailələr evlərində abituriyent olan övladlarına qarşı diqqətli davranmalıdır. Danışılan cümlələrə belə fikir verilməlidir. Əgər bu gün bir yeniyetmə intihar edirsə, bu, o deməkdir ki, həmin uşaq özünü və valideynlərini cəzalandırır. Bu intiharın arxasında isə uğursuzluq və lazımsızlıq sindromu dayanır. Odur ki, valideynlər imtahanqabağı elə davranmalıdır ki, uşaqlar stressdən əziyyət çəkməsin. Onsuz da bu gün uşaqlar imtahandan az bal toplayır. Bunun səbəblərindən biri isə şagirdlərin stressə davamsızlığıdır. Bir yerdə uğursuzluq varsa, orada təkcə bir şəxsi günahlandırmaq olmaz. Burada əhatə, situasiya, mühit, ailə üzvləri çox mühüm rol oynayır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
