Yanğı söndürənlər, yanğın halında fövqəladə qardaşlıq… – VİDEObackend

Yanğı söndürənlər, yanğın halında fövqəladə qardaşlıq... - VİDEO

Real TV Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə FHN qüvvələrinin Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlər, onların şücaəti barədə reportaj hazırlayıb.  

KONKRET.az xəbər verir ki, “Yanğı söndürənlər – Yanğın halında fövqəladə qardaşlıq” başlığı ilə təqdim olunan süjetdə Azərbaycan və Türkiyə qardaşlığına toxunulub.

Sözügedən reportajı təqdim edirik:

“Qardaş ölkənin başının üstünü tüstü dumanı alar-almaz havalandıq. Əvvəlcə mənən. Daha sonra bu havalanmaq frazaloji birləşmə halından çıxıb əsl, mənəvi söz birləşməsi deyil, mənavi əməl birləşməsinə gətirib çıxardı.

Bu təyyarədə olan 100 yanğınsöndürənin ən böyük alovu ürəyində idi. Biz yağış buludlarının arası ilə tüstü buludlarına doğru uçurduq. Ciyəri-ciyərimizdən olan qardaş ölkənin ağ ciyərindəki yanğını söndürməyə gedirdik.

Marmarisi yanğın fəlakəti hazırlıqsız yaxalamışdı. Tam da tətilçilərin və onların gəliinə sevinən turizmçilərin ən sevdiyi ayda. Cənnət diyarlarını alovlar, dumanlar içində görməyə alışmayan əhali Azərbaycandan gələn yanğınsöndürənləri görcək sevinc göz yaşları tökdülər. Anidən baş verən fəlakət yerli əhalini şoka salmışdı.

FHN in yanğınsöndürmə qrupları hər gün sübh tezdəndən hazır olur. Düzülüş zamanı lazımı təlimatlar verilir. Bir gün öncə baş verənlərin dəyərləndirilməsi aparılır.

Ezam olunduqları ərazinin söndürülməsinə nail olsalar da, anidən alovların ortasında qaldıqları da az olmadı. Sıx meşəlik ərazidə soyutma işləri aparılanadək yeni yanğınların baş verməsi qaçılmaz idi.

Sübhdən çalışan şəxsi heyət günəş batdığında hadisə yerini tərk edir. Lakin 24 saat növbəlilik prinsipi qorunur. Çünki gecə saatlarında baş verən kiçik qığılcım səhəri arzuolunmaz surprizlə açmağımıza səbəb ola bilər.

Necə ki, bir neçə dəfə eyni hala şahidlik etdik.

Bu evin sahibi bir neçə saatlıq evinə baxmağa gəlib. Hər şeyi necə varsa elə buraxıb gedib. İndi evinə yaxınlaşan alovu söndürmək üçün əraziyə gələn yanğınsöndürənlər üçün dua edir, onlar üçün həyətində yemək, su süfrəsi açıb.

Yerli yanğından mühafizə qrupları da yanğının ilk saatlarından ərazidə çalışır. Üstəlik onlara dəstəyə gələn FHN-in yanğınsöndürənləri ilə daha kordinasiyalı çalışdırlarını bildirirlər. Onların ardınca qalxdıqları zirvəyə doğru su yemək aparan könüllülər də yanğının söndürülməsində az əmək sərf etmədilər.

11 gün alovun cəngində qalan Türkiyənin tətil cənnəti Marmaris indi küllər içərisindədir. Yorğun şəhərin yaraları sağalacaq. Küllərindən doğularaq, əvvəlki əzəmətini geri qaytaracaq. Bunun üçün uzun xeyli zaman lazımdır. Bu fəlakətdən geriyə qalan bir şey də o da Azərbaycan-Türkiyə qardaşlığıdır. Sübuta ehtiyacı olmayan bir bağ,can qardaşlığı. Bir daha canın yanmasın, Türkiyə!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*