“Zdravstuyte”, “Privet” və ya “Salam qızlar” –  Ömrümüz səfeh adamlarla dirəşməklə keçirbackend

"Zdravstuyte", "Privet" və ya "Salam qızlar" - Ömrümüz səfeh adamlarla dirəşməklə keçir

Bəzən bizdə mahiyyət üzrə hərəkət edilmir. Ayaqyolunda əlimi yuyurdum. İş yoldaşım içəri girib “zdrastvuyte” dedi. Yox, rusdilli deyil. Mən də dedim salam. Dedi ki, ayaqyolunda salam demək olmaz, zdrastvuyte de. Mən də dedim ki, “zdrastvuyte” də salam deməkdir də. Dirəşdi ki olmaz, biz müsəlmanıq, belə yerdə salam sözü olmaz, başqa dildə deməlisən. Fikrim belə oldu ki, gələcəkdə belə mübahisə yaranmasın deyə sən belə yerə girəndə başınla salamlaş, heç zdrastvuyte demə. Razılaşdıq? O da dedi ki, gəl belə edək, mən zdrastvuyte deyəndə sən də de ki, privet. Bu dəfə mən dirəşdim ki, axı niyə, bu salam vermək mahiyyətidir də. Nə fərqi var, hansı dildə deyirsən. Konsensusa gəldik ki, biz onunla belə yerdə rastlaşsaq, başımızla salamlaşacağıq.

Məncə, biz başqa məsələlərdə də razılığa gəlməliyik. (21-ci əsrdir, dünya insan beynini kosmosdakı səslərə kökləyir, mən nədən danışıram). Bax, kinoların dublyajında dinimizə uyğun dəyişiklik edilsə, rahatlıq yaranar. Xarici filmlərdə “Allah, məni bağışla” əvəzinə “Tanrı, məni bağışla” olsun. Hərçənd mahiyyət eynidir, ancaq kiçik korrektin zərəri olmaz. Yaxud, ötən gün Amerika filmində qız evə girəndə itinə dedi: “Salam, Cek”. Kafedəki adamlar da dedi ki, “ə, itə salam verərlər?”. Baxdım ki, qıcıq yaradır. Ona görə “xoş gördük, Cek” deməklə dünya dağılmaz, ya da “Hello Cek” olsun, elə öz dillərində. Hərdən yazılmayan qanunları da tətbiq etməyin ziyanı olmaz. Amma hamısında yox. Xüsusilə bir məsələdə yaman dirəşmişdim. Yox, Eynşeytinin atom bombası üzərində alimlərlə apardığı dirəşmədən deyildi. Deməli, amerikanlarda belə bir zarafat var. Bir kişi özü kimi kişi kollektivə deyir ki, “salam, qızlar”.

Bir Amerika yazıçının kitabını redaktə edirdim, məndən çuğulluq etməklə rəhbərin gözündə ucalan və özünü istedadlı, lazımlı göstərməyə çalışan, yəni mənim hesabıma “çörək qazanan” (o qədər belə çörəklər vermişəm ki) yaşlı kişi tez rəhbərin yanına qaçdı ki, “Azər burda səhv edib, salam qızlar sözünü çıxarmayıb”. Mən də arxayın oturmuşam ki, cavan rəhbər deyəcək ki, “ay ağsaqqal, Azər düz edib, amerikanlarda belə zarafat var”. Əksinə, o da ağsaqqala qoşuldu. Sübut etmək alınmırdı. Xatırlamağa çalışdım ki, görəsən hansı filmdə belə deyilir. Xatırladım. “Polis Akademiyası” filmində. Gənc rəhbərə yaxınlaşıb “youtube-yə girin” dedim.

İndi Polis Akademiyasi yazın. Və həmin yeri tapdım ki, polis dostlarına “salam, qızlar” deyir. Gənc rəhbər isə ağsaqqalın xətrinə dəyməmək üçün dedi ki, “yox, siz bunu dəyişin, salam oğlanlar yazın”. Sonacan dirəşdim və “salam, qızlar” qaldı. Hərdən sizdən soruşsalar ki, niyə qəmginsiz, deyin ki, ömrümüzü səfeh adamlarla dirəşməklə keçirdiyimizə görə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*