Bakıda illərdir plansız və nəzarətsiz tikinti problemi təkcə şəhərsalma məsələsi kimi deyil, həm də təhlükəsizlik və sosial risklər kontekstində yenidən aktuallaşıb. Xüsusilə, kanalizasiya və yağış sularını ötürən kollektor xətlərinin üzərində inşa edilən yaşayış evləri son dövrlərdə baş verən intensiv yağıntılar fonunda ciddi narahatlıq doğurur. Bir tərəfdə minlərlə insanın yaşayış yeri, digər tərəfdə isə şəhərin infrastrukturunun təhlükəsizliyi dayanır.
Bəs hazırda bu araşdırmalar hansı mərhələdədir və yekun qərar nəyi dəyişəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd edib ki, problemin qısa zamanda həlli real görünmür.

Onun sözlərinə görə, vəziyyət kifayət qədər mürəkkəbdir və müxtəlif riskləri nəzərə almağı tələb edir:
“Burada iki əsas variant var: ya kollektorların fəaliyyəti məhdudlaşdırılmalıdır ki, bu da şəhər infrastrukturuna ciddi zərbə vura bilər, ya da həmin ərazilərdə tikilmiş evlər sökülməlidir. Hər iki halda ciddi sosial və texniki problemlər ortaya çıxır. Xüsusilə, son illərdə intensiv yağıntılar zamanı yaranan çətinliklər göstərir ki, kollektorların normal fəaliyyəti həyati əhəmiyyət daşıyır”.
Ekspertin sözlərinə görə, hazırda məsələ dövlət səviyyəsində yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır və müxtəlif ssenarilər üzərində iş aparılır.
“Təkcə kollektor xətlərinin üzərində minə yaxın ev tikilib. Ətraf əraziləri də nəzərə alsaq, ümumilikdə risk altında olan tikililərin sayı 6 minə çatır. Bu isə təxminən 20 mindən çox insanın yaşayış şəraitinin birbaşa təsir altında qalması deməkdir”.
O ,əlavə edib ki, məsələ yalnız texniki deyil, həm də hüquqi və sosial aspektlər baxımından ciddi yanaşma tələb edir. 2023-cü ilin aprelində icazəsiz tikililərə kommunal xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı qərarın qəbul edildiyini xatırladan ekspert vurğulayıb ki, bundan sonra qanunsuz tikinti hallarına yol verən şəxslər məsuliyyət daşımalıdır.
“Həm vətəndaşlar, həm də bu prosesə göz yuman məsul şəxslər nəticələri öncədən düşünməlidir. Xüsusilə strateji kommunikasiya xətlərinin üzərində tikinti aparılması yolverilməzdir. Hazırda belə hallara şərait yaradan məmurların məsuliyyətə cəlb olunması məsələsi də müzakirə edilir. Lakin geniş araşdırmalar tələb olunduğundan bu istiqamətdə konkret qərarlar hələlik açıqlanmayıb”, – deyə o, bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
