10 noyabr anlaşması Ermənistanın üzərinə hansı hüquqi öhdəliklər qoydu? – ŞƏRHbackend

10 noyabr anlaşması Ermənistanın üzərinə hansı hüquqi öhdəliklər qoydu? - ŞƏRH

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının noyabrın 10-da birgə imzaladıları bəyannamə bir mənalı şəkildə rəsmi Bakının və xalqımızın Böyük Qələbəsidir. Bu aksiomadır. 28 ildən sonra nəhayət ki, Azərbaycan öz ərazi bütövlüyünü  təmin etdi. Məsələnin mənəvi tərəfini isə hələ saymıram. Mən ancaq, bəyənnamənin siyasi-hüquqi tərəfindən Azərbaycan dövlətinin və xalqımızın əldə etdiyi BÖYÜK UĞURdan danışmaq istəyirəm. Bunlar hansılardır?

Birincisi, Ermənistan bəyənnaməni imzalamaqla ilk dəfə və rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Halbuki bu vaxtadək Ermənistan bunu etməmişdi. Əksinə, Azərbaycana qarşı hər zaman ərazi iddiaları irəli sürüb. İmzalanan bəyannamə  bundan sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoydu.

İkincisi, bəyənnaməni imzalamaqla baş nazir Nikol Paşinyan Ermənistanıın işğalçı dövlət olduğunu de-yure təsdiqlədi. Halbuki 30 ildir ki, Ermənistan işğalçı olduğunu sözdə belə dilə gətirmirdi. Deyirdi ki, Qarabağı və ətraf əraziləri Ermənistan ordusu yox, Qarabağdakı ermənilər alıb. Və sülh danışıqlarından boyun qaçıaraq deyirdi ki, Azərbaycan getsin Qarabağın erməni icması ilə danışsın, dil tapsın. Bəyannaməni imzalamaqla Ermənistan 30 illik yalanını ifşa etmiş oldu.

Üçüncüsü, Bəyannaməni imzalamaqla Paşinyan ermənilərin Dağlıq Qarabağda ən azı mədəni muxtariyyət hüquqi qazanmaq şansını itirdi.

Dördüncüsü, bəyannamə Azərbaycanın gələcəkdə Ermənistana qarşı beynəlxalq hüquq müstəvisində  maddi təzminat və digər iddiaların qaldırılmasına imkan verdi.

Bu isə çox böyük qələbədir. Artıq Ermənistanın siyasi kluarlarında bununla bağlı xısınlaşmalar gedir. İrəvan indidən Bakının maddi təzminat davası sürdürəcəyindən bərk qorxuya düşüb. Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zöhrabyan noyabrın 10-da İrəvanın mərkəzindəki Azadlıq meydanında keçirilən mitinqdə dedi ki, “Anlaşma gələcəkdə Azərbaycanın İrəvana qarşı iddialar irəli sürməsi üçün zəminlər yaradır”.

Bu anlaşmada Rusiya və Türkiyə dövlətləri də qazanclı çıxdılar. Rusiya 30 il davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemini həll etməklə nəinki Qafqazda, eləcə də dünyada müsbət və fövqəldövlət imici qazandı. Bundan əlavə, Rusiya 28 ildən sonra yenidən Cənubi Qafqazda möhkəmləndi. Amma bununla yanaşı, Rusiyanın müəyyən itkiləri də oldu. Məsələn, bu anlaşmaya imza atmaqla Rusiya Azərbaycan qarşısında müəyyən öhdəliklər götürmüş oldu. Azərbaycanın bir çox maraqlarına xidmət edən bu öhdəliklər Rusiya dövləti durduqca Azərbaycanın xeyrinə işləyəcək. Artıq Rusiya Cənubi Qafqazda bitərəfliyini saxlamaq məcburiyyətindədir. Daha əvvəlki kimi açıq şəkildə Ermənistanı müdafiə edə bilməyəcək. Bundan sonra Rusiyanın Cənubi Qafqazda mövcudluğu daha çox Azərbaycanın istəyindən asılı olacaq. 5 ildən bir gündəmə gələcək sülhməramlılar məsələsində Azərbaycan açıq-aydın söz sahibidir. Ermənistanın mövqeyi isə formal xarakter daşıyır.

Rusiyanın 10 noyabr anlaşmasında daha bir qazancı Türkiyə ilə münasibətlərində yeni səhifə açmasıdır. Bu iki böyük dövlətin Qarabağ məsələsində eyni mövqedən çıxış etməsi gələcəkdə qlobal məsələlərdə Ankara-Moskva birliyinin mesajını verdi. Bu birlik ABŞ və Avropanı ən azı müəyyən müddətdə Qafqazdan sıxışdırıb çıxardı.

10 noyabr anlaşmasında Türkiyənin də müəyyən çıxarları oldu.

Birincisi, Türkiyə dünyaya Bakı ilə Ankar arasındakı “bir millət-iki dövlət” şüarını əməldə təsdiq etdi. Türkiyə-Azərbaycan münasibətlərinə yeni rəng qatdı.

İkincisi, bu anlaşma Türkiyənin Qafqazda əbədiyyən möhkəmlənməsinə səbəb oldu.

Üçüncüsü, Türkiyə Azərbaycanı sonadək müdafiə etməklə türkdilli dövlətlər arasında yeni və daha böyük bir imic qazandı.

Dördüncüsü, ABŞ, Fransa və digər böyük dövlətlərin 30 ildə çözə bilmədiyi Qarabağ probleminin həllində iştirakı ilə Türkiyə  dünyanın yeni düzənində fövqəldövlət adını qazandı.

Göründüyü kimi, 10 noyabr təkcə 100 illik bir savaşa son vermədi, həm Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, həm də dünyada yeni qlobal dəyişikliklərin əsasını qoymuş oldu.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*