Son illərdə Azərbaycanda nağdsız ödənişlərin təşviqi istiqamətində mühüm addımlar atılsa da, bank kartları arasında köçürmələrə tətbiq olunan yüksək komissiya haqları cəmiyyət daxilində ciddi narazılıq doğurur. Xüsusilə, kiçik məbləğli əməliyyatlarda xidmət haqqının qeyri-mütənasib şəkildə yüksək olması və bəzi hallarda eyni bank daxilində belə əlavə ödənişlərin tələb edilməsi vətəndaşların bank sisteminə etimadını sarsıdır. Mövcud vəziyyət həm müştəri məmnuniyyəti, həm də rəqəmsal maliyyə mühitinin inkişafı baxımından suallar yaradır: bank xidmətlərində tətbiq edilən bu komissiyalar nə dərəcədə əsaslı və ədalətlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda bəzi kommersiya banklarının tətbiq etdiyi komissiya siyasəti ədalətli prinsiplərlə uzlaşmır.

Onun sözlərinə görə, bəzi hallarda həmin bankın müştəriləri, hətta kartları arasında aparılan köçürmələrə görə belə əlavə ödənişlər tələb olunur ki, bu da müştəri məmnuniyyətinə ciddi xələl gətirir.
İqtisadçı qeyd edib ki, komissiya haqları bankların əməliyyat xərclərini qarşılamaq üçün nəzərdə tutulsa da, beynəlxalq təcrübədə bu gəlirlərin müəyyən həddi aşmaması əsas prinsip sayılır.
“Dünyada qəbul olunmuş normalara görə, bankların xidmət haqlarından əldə etdiyi vəsaitin ümumi məbləğin 7 faizi həddində saxlanması tövsiyə edilir. Lakin Azərbaycanda bəzi hallarda bu göstəricinin daha yüksək olduğu müşahidə edilir. Bəzən 2 faizlik komissiyalar tətbiq olunur, bəzi banklarda isə vahid tariflər adı altında köçürmə məbləğindən asılı olmayaraq yüksək rüsumlar tutulur. Hətta elə hallar var ki, komissiya 10 faizə qədər yüksəlir”, – deyə o, vurğulayıb.
Razi Abbasbəyli əlavə edib ki, problem təkcə kartdan karta köçürmələrlə məhdudlaşmır.
“Vətəndaşlar kreditlərin rəsmiləşdirilməsi, nağdlaşdırılması, ödənişi və gecikmələrə görə tətbiq edilən cərimələr zamanı da müxtəlif əlavə komissiyalarla üzləşirlər. Bu isə ümumi maliyyə yükünü daha da artırır. Mövcud vəziyyət vətəndaşların təməl hüquqları baxımından da suallar doğurur. Xüsusilə bankomat infrastrukturunun qeyri-bərabər inkişaf etdiyi şəraitdə vətəndaşlar alternativ bankların xidmətlərindən istifadə etməyə məcbur qalır və bu zaman daha yüksək komissiyalar ödəyirlər”.
İqtisadçının fikrincə, problemin həlli üçün əsas məsuliyyət tənzimləyici qurumun üzərinə düşür:
“Kommersiya banklarının maraqları nəzərə alınmalıdır, lakin vətəndaş hüquqları prioritet təşkil etməlidir. Mərkəzi Bank bu sahədə daha aktiv rol oynamalı, komissiya haqları üzrə yuxarı həddi qanunvericiliklə müəyyən etməli və bu limitdən artıq tariflərin tətbiqinə imkan verməməlidir. Hazırda daha çox tövsiyə xarakterli yanaşma müşahidə olunur, lakin bu kifayət deyil”.
Mütəxəssis hesab edir ki, bank sektorunda şəffaf və ədalətli tarif siyasətinin tətbiqi həm müştəri məmnuniyyətinin artırılması, həm də rəqəmsal ödəniş sistemlərinin inkişafı baxımından vacibdir. Əks halda, yüksək komissiya haqları vətəndaşları yenidən nağd əməliyyatlara yönəldə və maliyyə inklüzivliyinə mənfi təsir göstərəcək.
Aynurə İsmayıl
KONKRET.az
