“20 manat verirsənsə, gəlim” — Taksi sürücülərindən narazılıq bitmirbackend

"20 manat verirsənsə, gəlim" — Taksi sürücülərindən narazılıq bitmir

Son dövrlərdə taksi sifarişi tətbiqləri vasitəsilə göstərilən gediş haqları ilə bağlı narazılıqlar artmaqdadır. Vətəndaşların bildirdiyinə görə, tətbiqdə müəyyən edilən məbləğdən fərqli olaraq, bəzi sürücülər sifarişdən sonra əlavə ödəniş tələb edirlər. Bu isə həm şəffaf qiymət siyasətinə, həm də istifadəçi məmnuniyyətinə təsir göstərən əsas məsələlərdən biri kimi qiymətləndirilir. İstifadəçilər hesab edirlər ki, sistemdə göstərilən qiymət yekun olmalı və sonradan dəyişdirilməməlidir. Mövzu taksi xidmətlərində qiymət intizamı və rəqabət mühitinin şəffaflığı baxımından diqqət mərkəzində qalır.

KONKRET.az xəbər verir ki, bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, taksi sifarişi zamanı tətbiqdə göstərilən məbləğdən artıq ödəniş tələb edilməsi qanunsuzdur:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sərnişin və daşıyıcı (sürücü) arasında gediş haqqı sifariş təsdiqləndiyi anda razılaşdırılmış hesab olunur. Mülki Məcəllənin 843.1-ci maddəsinə əsasən, daşıma üçün müəyyən qiymət təyin edilibsə, həmin haqq şərtləşdirilmiş (razılaşdırılmış) haqq sayılır. Sərnişin tətbiq vasitəsilə sifariş verdikdə və proqram ona konkret qiymət göstərdikdə, tərəflər arasında həmin məbləğ müqabilində daşıma müqaviləsi bağlanmış hesab olunur. Sürücünün birtərəfli qaydada qiyməti artırmaq hüququ yoxdur. İnzibati Xətalar Məcəlləsinin 322.0.3-cü maddəsinə görə, müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsi avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarının pozulması hesab olunur”.

O deyib ki, bu hal sürücü üçün inzibati məsuliyyət yaradır:

“Belə hallarla qarşılaşdıqda sərnişinlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edə bilər. Sözü gedən qurum, taksi fəaliyyətinə nəzarət edən qurumdur. Bundan başqa istifadə olunan tətbiqin dəstək bölməsinə sürücünün dövlət qeydiyyat nişanını və tələb etdiyi məbləği qeyd etməklə şikayət ünvanlaya bilərlər. Həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının pozulmasıyla bağlı bu quruma da müraciət edə bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*