Azərbaycanda ailələr niyə uşaq istəmir? – Narahatedici mənzərəbackend

Azərbaycanda ailələr niyə uşaq istəmir? – Narahatedici mənzərə

Azərbaycanda ailələrin maddi imkanları, mənzil problemi, məşğulluq çətinlikləri və gələcəklə bağlı narahatlıqlar uşaq sahibi olmaq qərarına təsir göstərən əsas amillər sırasındadır. Son illərdə doğum sayının azalması isə ölkənin gələcək demoqrafik vəziyyəti ilə bağlı suallar yaradır.

Bəs ailələrin gəlir səviyyəsi ilə uşaq sayı arasındakı fərq hansı sosial, iqtisadi və psixoloji səbəblərlə bağlıdır və bu tendensiya gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, ailələrdə uşaq sayının azalması yalnız iqtisadi problemlərlə deyil, sosial münasibətlərin, həyat tərzinin və gələcəyə baxışın dəyişməsi ilə də əlaqədardır.

Valideyn təzyiqi ilə qurulan ailənin gələcəyi sual altındadır” – Sosioloqdan xəbərdarlıq

Onun sözlərinə görə, ailənin maddi imkanları ilə doğum göstəriciləri arasındakı əlaqəyə birmənalı yanaşmaq düzgün deyil. Maddi vəziyyəti yaxşı olan ailələr daha çox uşağın ehtiyaclarını qarşılamaq imkanına malik olsalar da, yüksək gəlir hər zaman çoxuşaqlılıq demək deyil. Eyni zamanda, aztəminatlı ailələr arasında da çoxuşaqlı ailələrə rast gəlinir.

Sosioloq qeyd edib ki, burada əsas məsələ yalnız gəlirin miqdarı deyil, onun sabitliyi, ailənin gündəlik xərcləri və gələcəyə dair gözləntiləridir. Müasir valideynlər uşaq sahibi olmaq qərarı verərkən onun təhsili, sağlam qidalanması, tibbi xidmətləri və gələcək inkişafı üçün tələb olunan xərcləri də nəzərə alırlar.

“Ailə bir uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkirsə, ikinci və ya üçüncü uşaq haqqında qərarını təxirə salmağa çalışır”, – deyə Nailə İsmayılova vurğulayıb.

O, bildirib ki, xüsusilə mənzil problemi gənc ailələrin qərarlarına ciddi təsir göstərir. Yüksək kirayə haqqı ödəyən, ipoteka krediti götürən və ya valideynləri ilə birgə yaşayan ailələr üçün uşaq sayını artırmaq əlavə maliyyə məsuliyyəti yaradır. Sabit iş yerinin və davamlı gəlirin olmaması isə bu narahatlığı daha da gücləndirir.

Nailə İsmayılovanın fikrincə, doğum göstəricilərinin azalmasını yalnız maddi çətinliklərlə izah etmək mümkün deyil. Müasir dövrdə ailə modeli, valideynlik anlayışı və şəxsi həyatla bağlı gözləntilər də dəyişib.

Əvvəllər çoxuşaqlı ailələrə daha çox rast gəlindiyi halda, hazırda bir çox gənc ailə az sayda uşaq böyütməyə, onların təhsilinə, inkişafına və gələcək imkanlarına daha çox resurs ayırmağa üstünlük verir.

Sosioloq əlavə edib ki, gənclər arasında ailə qurmağın gecikdirilməsi də doğum göstəricilərinə təsir edən amillərdəndir. Təhsil almaq, peşə sahibi olmaq, karyera qurmaq və maddi müstəqillik əldə etmək istəyi ailə qurmaq və valideyn olmaq planlarını sonraya saxlaya bilər. Zaman keçdikcə isə planlaşdırılan uşaq sayına çatmaq imkanları məhdudlaşa bilər.

Qadınların məşğulluğu da bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Qadın həm işləmək, həm peşəkar inkişafını davam etdirmək, həm də uşaqların qayğısını əsasən öz üzərinə götürmək məcburiyyətində qalırsa, ikinci və ya üçüncü uşaq sahibi olmaq qərarı çətinləşir. Əlçatan uşaq bağçalarının, çevik iş rejiminin və ailədaxili məsuliyyət bölgüsünün yetərli olmaması da problemi dərinləşdirir.

Bununla yanaşı, gələcəklə bağlı qeyri-müəyyənlik, uşaqların təhlükəsizliyi, valideynlərin sağlamlığı və ailənin sosial vəziyyəti ilə bağlı narahatlıqlar da doğum qərarlarına təsir göstərir.

Sosioloq bildirib ki, Azərbaycanda doğum sayının azalması artıq diqqət tələb edən demoqrafik tendensiyadır. Onun təqdim etdiyi statistikaya əsasən, 2010-cu ildə ölkədə 165 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 95 875 nəfər olub.

Bu dinamika davam edərsə, gələcəkdə əmək bazarına daxil olan gənclərin sayı azala, iqtisadiyyatın müxtəlif sahələrində kadr təminatı və istehsal imkanları çətinləşə bilər.

Nailə İsmayılovanın sözlərinə görə, digər mühüm məsələ əhalinin yaş strukturunun dəyişməsidir. Uşaqların və gənclərin əhali daxilində payının azalması, yaşlı insanların payının artması pensiya təminatı, səhiyyə və sosial xidmətlər üzərindəki yükü ağırlaşdıra bilər. Belə şəraitdə işləyən əhalinin üzərinə daha böyük sosial-iqtisadi məsuliyyət düşəcək.

O, eyni zamanda vurğulayıb ki, demoqrafik vəziyyət yalnız doğulan uşaqların sayı ilə qiymətləndirilməməlidir. İnsan kapitalının qorunması, gənclərin ölkədə qalması, onların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Sosioloq hesab edir ki, ailələrdə uşaq sayının artması üçün ilk növbədə valideynlərin üzləşdiyi real çətinliklər aradan qaldırılmalıdır.

Onun fikrincə, çoxuşaqlı ailələrə dəstək mexanizmləri ehtiyac meyarları əsasında təkmilləşdirilməli, işləyən valideynlər üçün çevik iş imkanları yaradılmalı, uşağa qulluq məsuliyyəti isə hər iki valideyn arasında bölüşdürülməlidir. Xüsusilə aztəminatlı ailələrdə uşaqların maddi çətinliklər səbəbindən keyfiyyətli təhsil və inkişaf imkanlarından məhrum olmamasına diqqət yetirilməlidir.

Nailə İsmayılova hesab edir ki, ailə siyasəti yalnız qadınları daha çox uşaq dünyaya gətirməyə çağırmaqla məhdudlaşmamalıdır. Əsas məqsəd ailələrin istədikləri sayda uşaq sahibi olmaq qərarını yoxsulluq, qorxu və sosial təminatsızlıq səbəbindən dəyişməyə məcbur qalmamasıdır.

Sosioloqun qənaətinə görə, uşaqların sağlam, təhlükəsiz və layiqli şəraitdə böyüməsini təmin etmək demoqrafik dayanıqlılığın əsas şərtlərindəndir. Ölkənin gələcək demoqrafik vəziyyətini yaxşılaşdırmaq üçün yalnız doğum göstəricilərinin artmasına deyil, ailələrin rifahının yüksəldilməsinə və gələcəyə inamının gücləndirilməsinə də diqqət yetirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*