Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının sarsılmaz qardaşlıq yoluna “dinamit yerləşdirmək” cəhdlərinə qətiyyətlə cavab verəcəyinə əmin olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra çıxışında Türkiyənin paytaxtında keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündən gözləntilərini də bölüşüb.
Türkiyə lideri türk dövlətləri arasında birlik və həmrəyliyin vacibliyini vurğulayaraq, regionda sülh və sabitliyin təmin edilməsinin zəruri olduğunu qeyd edib.
Onun sözlərinə görə, Türkiyə münaqişələrin dayandırılmasını, regional ittifaqların gücləndirilməsini və gərginliyin yenidən artmasının qarşısının alınmasını dəstəkləyir.
Qeyd edək ki, Zirvə görüşü Türkiyə Cümhuriyyətinin elan edilməsinin 103-cü ildönümünə təsadüf edəcək.
