Yaponiya sahillərində dənizin dibindən 200 milyon tondan çox nadir torpaq metalları tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın məşhur adalarından biri olan Minami-Torişima sahillərində dənizin dibində 200 milyon tondan çox mineralla zəngin manqan düyünləri aşkar edilib.
Yaponiyada yerləşən qeyri-kommersiya təşkilatı “Nippon Fondu” və Tokio Universiteti tərəfindən Minami-Torişima sahillərində, Yaponiya milli eksklüziv iqtisadi zonasının (EEZ) sərhədləri daxilində aparılan kəşfiyyat işləri gündəmdədir.
Fondun və universitetin resurs-geoloqlarından ibarət qrupun son 3 ayda 5 min metrdən çox dərinlikdə məsafədən idarə olunan maşın vasitəsilə kəşfiyyat işləri yekunlaşıb.

Müvafiq olaraq, 10 min kvadrat kilometr sahədə təxminən 230 milyon ton çox sıx manqan düyünlərinin varlığı təsbit edilib.
Ekspedisiya qrupunun rəhbərlərindən biri olan Tokio Universitetinin professoru Kato Yasuhiro bildirib ki, “Bu qaynaqlar iqtisadi təhlükəsizlik üçün həyati əhəmiyyətə malikdir. Dəniz mühitinə təsirini minimuma endirməklə ildə 3 milyon ton dəmiri hasil edə bilərik”.
Toplanmış nümunələrin təhlili əsasında ekspert qrupu tədqiqat sahəsinin təxminən 610 min ton kobaltdan ibarət olduğunu və bu miqdarın Yaponiyanın təxminən 75 illik istehlakını ödəməyə kifayət edəcəyini təxmin edir.

Tərkibində kobalt və nikel kimi nadir metallar olan, diametri ən azı 5 santimetr olan manqan düyünlərinin milyonlarla il ərzində okeanda daşınan metalların dəniz dibindəki balıq sümüyünə bənzər nüvələrə bağlanması nəticəsində əmələ gəldiyi güman edilir.
Manqan düyünlərinin konsentrasiyası ilk dəfə 2016-cı ildə Tokio Universiteti və Yaponiya Dəniz-Yer Elmi və Texnologiyası Agentliyinin mütəxəssislərinin daxil olduğu bir ekspedisiya qrupu tərəfindən eyni ərazidə tədqiqatlar zamanı aşkar edilib.
Paytaxt Tokiodan təxminən 1800 kilometr aralıda yerləşən Sakit okeanın şimal-qərbində Yaponiyaya məxsus mərcan adası olan Minami-Torişimada heç bir mülki əhali yoxdur. Adada yalnız Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin personalı var.
Yüksək texnologiyalı məhsullar üçün əvəzolunmaz hesab edilən müxtəlif nadir torpaq metallarının adanın ətrafındakı 430 min kvadrat kilometr ərazisidə dəniz dibində yeni tapıntılara dair böyük gözləntilər var.
Günel Mikayılova,
KONKRET.az
