Türkiyənin İstanbul şəhərində su quyusunda gizlədilən 3 min 92 ədəd silah hissəsi aşkar edilərək müsadirə olunub. Əməliyyat çərçivəsində 4 şübhəli şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə İdarəsinin əməkdaşları tərəfindən prokurorluğun göstərişi ilə keçirilib. Silah ticarətinin qarşısının alınmasına yönəlmiş bu tədbir Pendik adlanan ərazidə baş tutub.
Qrupların dron dəstəyi ilə apardığı yoxlamalar zamanı kənd ərazisində torpağın altında gizlədilmiş su anbarı aşkar edilib. Anbarda aparılan axtarışlar zamanı tapança hazırlanmasında istifadə olunmaq üçün 3 min 92 ədəd hissə, 1869 ədəd sürgü və çox sayda silah komponentləri ələ keçirilib. Əməliyyat zamanı 4 şübhəli şəxs saxlanılıb, hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Qeyd olunur ki, Türkiyə tarixində ən çox qanunsuz silah hissələri bu əməliyyat zamanı ələ keçirilib.//Lent.az

