Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından təqaüd yaşını gözləmədən müəyyən hallarda istifadə imkanı verilməsi bu sahədə yeni yanaşmaları gündəmə gətirib. Azərbaycanda isə belə bir mexanizmin tətbiqi illərdir müzakirə olunsa da, konkret addımların atılmaması pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının nə dərəcədə real olub-olmadığına dair sualı aktuallaşdırır.
Bəs Azərbaycanda vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl istifadə etmək hüququ verilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələlik real mexanizm formalaşdırılmayıb.

“Bu istiqamətdə qanun layihəsi də hazırlanıb və xüsusilə özəl pensiya fondlarının yaradılması ilə bağlı ilkin layihə hökumətə təqdim olunub. Lakin sənəd indiyədək Milli Məclisin gündəliyinə çıxarılmayıb, yalnız ictimai dinləmələr çərçivəsində müzakirələr aparılıb.
Dünya təcrübəsində pensiya fondlarının vəsaitlərinin daha səmərəli idarə olunması üçün özəl pensiya fondları yaradılır və onlar dövlət nəzarəti altında fəaliyyət göstərir. Bu sistemdə əsas diqqət çəkən məsələlərdən biri də vəsaitlərin sığortalanmasıdır”.
R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda həssas əhali qruplarına aid vəsaitlərin riskli investisiyalara yönəldilməsinə imkan verilmədiyi üçün bu sahədə mühafizəkar qanunvericilik mövcuddur.
“Dünya praktikasında pensiya kapitalının tam şəkildə vaxtından əvvəl götürülməsi tətbiq olunmur. Lakin müəyyən hallarda, könüllü əsaslarla və müəyyən yaş həddindən sonra yığımların bir hissəsindən istifadə imkanı yaradıla bilər. Bu isə gələcəkdə vətəndaşın alacağı pensiyanın məbləğinə təsir göstərir.
Bəzi ölkələrdə ağır xəstəlik, sosial tənhalıq və digər xüsusi hallarda vətəndaşlara pensiya kapitalının bir hissəsindən vaxtından əvvəl istifadə imkanı verilir”.
Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda bu istiqamətdə mexanizm hələ mövcud deyil və yaxın illərdə də belə imkanın yaradılması real görünmür.
“Bu, çox ciddi, əhatəli və konseptual yanaşma tələb edir. Əgər gələcəkdə bu mexanizmlər formalaşdırılsa, Azərbaycan vətəndaşları üçün də pensiya kapitalından vaxtından əvvəl istifadə imkanı yaradıla bilər. Amma indiki templə bu, yaxın perspektivdə mümkün görünmür”, – deyə iqtisadçı əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
