Azərbaycanda bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həlli, əhalinin problemlərinin operativ şəkildə aradan qaldırılması və yaşayış məntəqələrinin inkişafına töhfə vermək məqsədilə fəaliyyət göstərir. Buna baxmayaraq, bir çox ərazilərdə yolların bərbad vəziyyəti, tullantıların idarə olunmasındakı çatışmazlıqlar və ictimai xidmətlərin keyfiyyəti ilə bağlı narazılıqlar davam edir.
Bəs bələdiyyələr niyə üzərlərinə düşən funksiyaları tam yerinə yetirə bilmirlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, bələdiyyələrin fəaliyyətində əsas problem onların real müstəqilliyə malik olmamasıdır.

Onun sözlərinə görə, bələdiyyələr yaradıldıqları vaxtdan ötən 25 ildən artıq müddət ərzində yerli problemlərin həllində aparıcı rola çevrilə bilməyiblər:
“Bunun əsas səbəbi bələdiyyələrin hələ də qeyri-rəsmi şəkildə yerli icra hakimiyyəti orqanlarından asılı vəziyyətdə qalmasıdır. Bələdiyyələrin formalaşdırılması mərhələsindən başlayaraq müxtəlif proseslərə icra hakimiyyətlərinin təsiri hiss olunur. Bələdiyyə sədrləri də özlərini daha çox icra başçıları qarşısında cavabdeh hesab edirlər”.
Ekspert qeyd edib ki, rayon və şəhərlərdə görülən işlərin əksəriyyətində təşəbbüs bələdiyyələrdən deyil, yerli icra hakimiyyətlərindən gəlir:
“Yerində hansısa layihə və ya iş həyata keçiriləndə bələdiyyələrə istiqamətlər və tapşırıqlar verilir. Faktiki olaraq onlar qanunvericilikdə nəzərdə tutulan muxtariyyətə sahib deyillər. Məhz buna görə də yerli problemlərin həllində gözlənilən nəticələri göstərə bilmirlər. Əgər bələdiyyələr real səlahiyyətlərə malik olsalar və fəaliyyətlərinə müdaxilələr minimuma endirilsə, yerli problemlərin həllində daha böyük nəticələr əldə etmək mümkündür. Mövcud şəraitdə isə onların potensialını tam şəkildə ortaya qoyması çətindir”.
Siyasi şərhçi əlavə edib ki, qanunvericilikdə bələdiyyələr üzərində icra hakimiyyətlərinin birbaşa nəzarət funksiyası nəzərdə tutulmasa da, praktikada fərqli mənzərə müşahidə olunur.
Onun fikrincə, yerli özünüidarəetmə institutunun gücləndirilməsi üçün bələdiyyələrin müstəqilliyinin təmin olunması əsas şərtlərdən biridir.
Müşviq Tofiqoğlu
KONKRET.az
