Rusiyada Stalinə qarşı cinayət işi qaldırmaq təşəbbüsü edilib.
Musavat.com xəbər verir ki, bu barədə Baş prokurorluğun mühüm işlər üzrə keçmiş müstəntiqi İqor Stepanov “Kommersant” qəzetinə bildiirib.
Onun sözlərinə görə, burada əsas məqsəd “Stalin terroru” illərindəki kütləvi repressiya və qətllərə hüquqi qiymətin verilməsidir.
Cinayət işinə əsas olaraq sovet rəhbərinin 1937-ci ilin iyul ayının 30-də Xalq Daxili İşlər Komissarlığına (XDİK) verdiyi əmri göstərilib. Həmin sənəddə Stalin 82,7 min insanın güllələnməsini, 193,4 min nəfərin isə düşərgələrə göndərilməsini əmr edib. Sənədin Siyasi Büro üzvləri və şəxsən Stalinin özü tərəfindən imzalanması səbəbindən cinayət işinin qaldırılması təşəbbüsünün müəllifləri burada vətəndaşlara qarşı əsl soyqırımın törədildiyini söyləyirlər.

Müvafiq ərizə artıq Baş prokurorluğa və İstintaq komitəsinə təqdim olunub.
“Bu günə qədər bununla bağlı heç br hüquqi dəyərləndirmə aparılmayıb. Ona görə də Stalinin şəxsiyyətinə pərəstiş davam edir, ona abidələr qoyulur. Mən Novosibirsk meriyasından Stalinə hansı səbəbdən heykəl qoyulduğunu soruşduqda, mənə Rusiyada yüzlərlə belə abidənin olduğunu dedilər”, – deyə İqor Stepanov qəzetə söyləyib.
Rusiyalı hüquqşünas ərizəsinin bilinməyən səbəblərdən İstintaq komitəsinin paytaxtdakı idarəsindən İvanovsk vilayətinə göndərildiyini deyib. Burada isə keçmiş müstəntiqin ərizəsində “cinayətin əlamətlərini göstərəcək konkret faktlar” göstərilmədiyi, habelə XDİK-in yuxarıdakı sənədinin cinayət işinin qaldırılmasına əsas olmayacağı” üçün ərizəsi rədd edilib.
“Bizim ölkədə kimlərsə Stalinə sitayiş edir, bununla da onun əsl cinayətkar olduğu unutdurulur”, – deyə “Memorial” elmi-maarif mərkəzinin sədr müavini Nikita Petrov qeyd edib. N.Petrov həqiqətən də bu vaxta qədər Rusiyada rəsmi olaraq Stalin cinayətlərini hüquqi cəhətdən qiymətin verilmədiyini vurğulayıb.
Bu ilin iyun ayının 25-də Rusiya Konstitusiya Məhkəməsi ərizənin qəbul edilməsindən imtina olunmasının əsassız hesab edilməsi haqqında qərar çıxarıb. Iqor Stepanov həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət etmək niyyətindədir.
