“43 kilometrlik yolu bizə etibar etməyən Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur” – Andrey Petrovbackend

“43 kilometrlik yolu bizə etibar etməyən Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur” – Andrey Petrov

Ermənistan 10 noyabr üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bəyanatın 9-cu bəndini icra etməkdən boyun qaçıran Ermənistan hakimiyyəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə qarşıdır. Üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq dəhlizə nəzarəti Rusiyanın Sərhəd Xidməti həyata keçirməlidir. Paşinyan və komandası isə hesab edir ki, nəzarət yalnız erməni strukturlarına aid olmalıdır. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son aşıqlamasında bildirib ki, guya sazişdə Zəngəzur dəhlizində təhlükəsizliyin digər ölkələrin iştirakı olmadan Ermənistan tərəfindən təmin edilməsi qeyd olunub. Rusiyalı politoloqlar hesab edir ki, Ermənistan siyasi hakimiyyətinin bu yanaşması yalandır və həqiqəi əks etdirmir.

KONKRET.az xəbər verir ki, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov bildirib ki, Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatdan söz salanda 9-cu bənddə nəzərdə tutulan öhdəliklərdən danışmaqdan çəkinir:

“9-cu bənddə  vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkilindən danışılır. Daha sonra bu yola nəzarətin təşkili mexanizmi izah olunur. Orada yazılıb ki, yola Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Ermənistan hakimiyyəti isə yalnız nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verən tərəfdir.  Yəni bu, o deməkdir ki, Ermənistan hakimiyyətindən yalnız marşrutun bu hissəsində təxribatların qarşısının alınması tələb olunur. Həm də Ermənistan üzərinə götürdüyü öhdəliyə görə, heç bir gömrük nəzarəti həyata keçirmir. Qalan hər şeylə Rusiya sərhədçiləri məşğul olmalıdır. Bu məsələləri rəsmi İrəvanda dilə gətirməkdən  qorxurlar. Əgər ermənilər Rusiya sərhədçilərinin 43 kilometrlik əraziyə nəzarət etməsini istəmir, bizə etibar etmirlərsə, o zaman İranla və Türkiyə ilə sərhədlərinin təhlükəsizliyini ruslara necə həvalə ediblər?”.

Bəs İrəvanın belə dezinformasiyalar yaymaqda məqsədi nədir? Rusiyalı politoloqun sözlərinə görə, Nikol Paşinyan Üçtərəfli bəyanatı imzalayanda məqsədi müharibəni mümkün qədər tez dayandırmaq idi:

“Ona görə də Paşinyan demək olar ki, Bakının tələb etdiyi hər şeylə razılaşdı. İndi o, guya “sərt danışıqlar” apardığını və prinsipial mövqe tutduğunu iddia edə bilər. Amma reallıqda Paşinyan heç nə tələb edə bilməz, edə biləcəyi tək şey bütün şərtləri qəbul etməkdir. Çünki Ermənistan müharibədə təslim olub. Amma burada bir mühüm məqamı qeyd etmək lazımdır. İmzalanmanın ertəsi günü Ermənistan Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozmağa başladı. Əraziyə silahlı dəstələr göndərilib və təxribatlarla məşğul olunub. İrəvan bəyanatın 9-cu bəndindən yayınmağın yollarını axtarmağa başlayıb. Zəngəzur dəhlizinin təhlükəsizliyinə gəlincə, erməni siyasətçiləri bu iddialı bəyanatı yalnız erməni auditoriyası üçün səsləndirirlər”.

Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenkonun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərlərinin son bəyanatları məntiqsiz görünür. Bütün bunlar İrəvanın Avropa və NATO strukturlarına yaxınlaşması tendensiyasının davamıdır:

“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürməməsi ilə bağlı bəyanatları nəinki həqiqətəuyğun deyil, həm də bu dövlətin milli maraqlarına cavab vermir. Rusiya sərhəd qoşunlarının bu regionda olması təhlükəsizliyə zəmanət verir. Amma Ermənistan Qərbin təhriki ilə bunu qəbul etmək istəmir. İrəvanın öhdəlikləri fərqli formada şərh etmək cəhdləri regional təhlükəsizliyi təhdid altına alır. Onlar bu addımları ilə Ermənistanı sosial-iqtisadi inkişafdan uzaqlaşdırırlar”.

Vəli Həsənov,

KONKRET.az

  • Rəfael
    Yanvar 29, 2024 - 21:44

    Ermənilərin bir dərdi var, indiki ərazidə hələ də qura bilmədikləri dövləti qurmaq. Bunun üçün Rusiya ona özününkü saydığı torpaqları bağışlamalı, Azərbaycanla isə onların dəqiq kadastrını razılaşdırmalıdır.
    Bu isə qalıb qiyamətə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*