Rusiya prezidentinin köməkçisi, Federal Təhlükəsizlik Xidmətinin (FSB) sabiq direktoru Nikolay Patruşevin oğlu Andrey Patruşevlə əlaqələndirilən şirkət Yakutiyada iri qızıl və sürmə yatağının işlənilməsi layihəsinə ortaq olub.
KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Məlumata görə, “Bazis Kapital” şirkəti “Saxa Mayninq” şirkətinin 25 faiz payını əldə edib. Şirkət Yakutiyadakı “Tan” yatağının işlənməsi lisenziyasına sahibdir. Ekspertlər aktivin dəyərini 150-200 milyon dollar (11-14 milyard rubl) həcmində qiymətləndirirlər.
Rəsmi sənədlərdə “Bazis Kapital”ın sahibləri göstərilməsə də, “Kommersant” şirkətin Andrey Patruşevlə əlaqəli ola biləcəyini yazır. Nəşrin məlumatına görə, şirkətə əvvəllər Patruşevin yaratdığı “Arktik Təşəbbüslər” mərkəzinə rəhbərlik edən Rustam Romanenkov başçılıq edib.
“Tan” yatağı Rusiyanın perspektivli qızıl hasilatı layihələrindən biri hesab olunur. “Rosgeologiya”nın məlumatına görə, yataqda proqnozlaşdırılan qızıl ehtiyatları 200 tondan çoxdur. Mütəxəssislər hesab edirlər ki, bu ehtiyatlar təxminən 15 illik hasilat üçün kifayət edə bilər.
Bu, Andrey Patruşevin adı hallanan ilk iri biznes layihəsi deyil. Rusiya mediası daha əvvəl onun Arxangelsk Dəniz Ticarət Limanı, “Taels” investisiya şirkəti və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “Kross Texnolojis” şirkəti ilə əlaqələrindən yazıb.
Qeyd edək ki, Nikolay Patruşev uzun illər Rusiya təhlükəsizlik sisteminin ən nüfuzlu simalarından biri hesab olunub və hazırda da Kremlin ən təsirli fiqurları sırasında göstərilir.\\musavat.com
