1980-ci ildə ABŞ-da törədilən bir qətl hadisə yerindən götürülən, lakin dövrün texnoloji uyğunsuzluğu səbəbindən araşdırıla bilməyən siqaret kötüyü sayəsində 44 il sonra açılıb. Əldə edilən DNT qatili tapmağa kömək edib.
KONKRET.az xəbər verir ki, 1980-ci il fevralın 26-da ABŞ-ın Vaşinqton ştatında törədilən qətlin üstü texnologiya sayəsində 44 il sonra açılıb.
Dorothy Marie Silzel adlı qadın evində ölü tapıldıqdan sonra o vaxt yerli polis bunun qətl olduğu qənaətinə gəlib. Meyitin yarılmasından sonra bildirilib ki, qadın boğularaq öldürülüb. Dorotinin evinin qarşısında tapılan siqaret kötüyü texnoloji çatışmazlıqlar səbəbindən araşdırıla bilməyib. 2023-cü ildə siqaret kötüyü araşdırılaraq DNT-nin kimə məxsus olması müəyyən edilib.
2023-cü ilin sentyabrında detektivlər mümkün şübhəliləri araşdırmağa başlayıblar. Daha sonra araşdırmaya kömək etmək üçün Van Buren Dairəsinin Şerif Ofisi ilə əlaqə saxlanılıb.
Vaşinqtonun baş prokuroru Bob Ferqyuson məsələ ilə bağlı bildirib ki, “Siqaretdən DNT testi şübhəlilərin siyahısını müəyyən edib və nəticədə polis avqustun 20-də Arkanzasda Kennet Kunderti həbs edib”.
Günel Mikayılova,
KONKRET.az