ABŞ-İran müharibəsindən bir qədər əvvəl Bakıdan gedən nümayəndə heyəti Bəndər Abbasda olub.
Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan tranzit yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu da ölkəmizin mühüm nəqliyyat habına çevrilməsi ilə yanaşı, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Son illər Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Şimali Avropanı nəqliyyat baxımından birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin funksionallığının artması müşahidə olunur. Məlum olduğu kimi, ilin son ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sözügedən saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq. Eyni zamanda daşıma həcmlərinin artımı və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.
Amma İran müharibəsi başladıqdan sonra bu layihənin taleyi müəmmalı olaraq qalır. Atəşkəs imzalanmasa da, ABŞ İranın cənubundakı bir neçə hədəfə, eyni zamanda sözügedən limana zərbə endirib.
KONKRET.az musavat-a istinadən xəbər verir ki, məlumatı “Fox News” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən yayıb: “ABŞ ordusu bu gün İranın cənubunda özünümüdafiə məqsədilə qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün zərbələr endirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi”.
“Fox News” jurnalistinin sözlərinə görə, hücum nəticəsində Bəndər Abbas şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki qayığı, eləcə də raket buraxılış məntəqəsi məhv edilib. ABŞ ordusu zərbələrin müdafiə xarakterli olduğunu və İranla mövcud atəşkəsin pozulmadığını elan edib.
Qeyd edək ki, İranın Bəndər-Abbas limanı Azərbaycanın iştirakçı olduğu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əhəmiyyətə malikdir.
İranın beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind Okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. ABŞ zərbə vurduğu bu limanın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. “Şimal-Cənub” dəhlizi Avropa və Asiya arasında ən qısa və ən səmərəli tranzit marşrutudur.
Hindistan və Cənub-Şərqi Asiyadan mallar İranın Bəndər-Abbas limanı və Azərbaycan ərazisi vasitəsilə çatdırılacağını nəzərdə tutur. Marşrut üzrə potensial daşıma həcmi ildə 15 milyon tona qədərdir. Bu, Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır – ildə təxminən 250-300 milyon ABŞ dolları gəlir əldə edə bilər. Bu kontekstdə “Şimal-Cənub” dəhlizinin qərb marşrutu – Rusiyanın Həştərxan və Mahaçqala şəhərləri vasitəsilə daha sonra Azərbaycan ərazisindən Samurdan Astaraya qədər və daha sonra İranın tikintisi davam edən Astara-Rəşt-Qəzvin dəmir yolu xətti ilə – region və ilk növbədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, ABŞ-İran müharibəsindən bir qədər əvvəl Azərbaycan nümayəndə heyəti İranın Bəndər Abbas limanında olmuşdu. Belə ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limandakı şəraitlə tanış olmuşdu.
