Ali təhsil müəssisələrinə qəbul prosesində ixtisas seçimi abituriyentlərin gələcək karyerasını müəyyən edən ən mühüm mərhələlərdən biridir. Əmək bazarının sürətlə dəyişdiyi, süni intellekt və yeni texnologiyaların bir çox peşələri transformasiyaya uğratdığı bir dövrdə doğru seçim etmək əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Bəs bugünkü abituriyentlər gələcəyin əmək bazarında uğur qazanmaq üçün hansı ixtisaslara üstünlük verməli, hansı peşələr isə zamanla aktuallığını itirə bilər?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında bildirib ki, abituriyentlər ilk növbədə öz maraq və bacarıqlarını nəzərə almalı, daha sonra isə seçdikləri ixtisasın gələcək perspektivlərini araşdırmalıdırlar.

Onun sözlərinə görə, yalnız hazırda populyar və ya yüksək gəlir vəd edən peşələrə üstünlük vermək düzgün yanaşma deyil:
“İxtisas seçimi zamanı abituriyentlər ilk növbədə öz maraq və bacarıqlarını, daha sonra isə seçdikləri sahənin 10–15 il sonrakı əmək bazarındakı perspektivini nəzərə almalıdırlar. Təkcə bugünkü populyarlığa və ya yüksək maaşa görə seçim etmək gələcəkdə doğru nəticə verməyə bilər.
Sadə məlumat daxil etmə, bəzi inzibati və ofis vəzifələri, rutin mühasibat əməliyyatları və standart müştəri xidmətləri kimi sahələrdə texnologiya insan əməyinin müəyyən hissəsini əvəz edəcək. Bu peşələr tamamilə yox olmayacaq, lakin əvvəlki qədər geniş məşğulluq yaratmayacaq və həmin sahələrdə çalışanlardan daha yüksək rəqəmsal bacarıqlar tələb ediləcək”.
Fuad Hacıyev bildirib ki, uzunmüddətli perspektivdə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məlumat analitikası, robototexnika, biotexnologiya və səhiyyə istiqamətləri aktuallığını qoruyacaq.
Ekspert Azərbaycanın əmək bazarı baxımından aqrar sahəni də ən perspektivli istiqamətlərdən biri hesab edir:
“Dövlətin fermerlərə ayırdığı subsidiyaların artırılması, kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə göstərilən diqqət onu göstərir ki, bu sahədə ciddi mütəxəssis ehtiyacı formalaşır. Məhz buna görə indidən aqronomların, baytar həkimlərin, qida təhlükəsizliyi üzrə mütəxəssislərin və müasir fermerlərin hazırlanmasına xüsusi önəm verilməlidir. Mən şəxsən öz doğmalarımın belə bu istiqamətlərdə təhsil almasını dəstəkləyərdim. Çünki hesab edirəm ki, yaxın gələcəkdə bu peşələr həm ölkə üçün strateji əhəmiyyət daşıyacaq, həm də əmək bazarında yüksək tələbat görəcək”.
Onun sözlərinə görə, mühəndislik, həkimlik və müəllimlik kimi peşələr də texnologiyanın təsiri ilə dəyişsə də, insan amilinə ehtiyac davam etdiyi üçün aktuallığını qoruyacaq.
Ekspert sonda vurğulayıb ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün təkcə diplom kifayət etməyəcək:
“Gələcəyin ən uğurlu mütəxəssisi yalnız diplom sahibi olan şəxs deyil. Xarici dil bilən, rəqəmsal bacarıqlara yiyələnən, dəyişən texnologiyalara uyğunlaşan və ömürboyu öyrənməyə açıq olan insanlar əmək bazarında hər zaman üstün mövqedədirlər. Buna görə də ixtisas seçərkən yalnız peşənin adına deyil, universitetin təhsil keyfiyyətinə, beynəlxalq əlaqələrinə və məzunlarının məşğulluq göstəricilərinə də diqqət yetirmək vacibdir.”
Aynurə İsmayıl
KONKRET.az
