İnformasiya əldə etmək hüququ qanunla qorunsa da, praktikada jurnalistlərin dövlət qurumlarına və digər təşkilatlara ünvanladıqları sorğuların ya günlərlə cavabsız qalması, ya da formal və qeyri-müəyyən cavablarla keçişdirilməsi adi hala çevrilib. Nəticədə cəmiyyəti maraqlandıran mühüm məsələlərin işıqlandırılması ləngiyir, dövlət qurumlarının şəffaflığı və hesabatlılığı isə sual altına düşür. Bəzi hallarda isə informasiya vermək əvəzinə tənqidi materialların aradan qaldırılmasına yönələn cəhdlər müşahidə olunur.
Bəs informasiya sorğularını qanunla müəyyən edilmiş müddətdə cavablandırmayan qurum və vəzifəli şəxslərə qarşı daha sərt hüquqi məsuliyyət tətbiq edilməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Azər Həsrət bildirib ki, informasiya sorğularının cavablandırılmamasına görə məsuliyyət hazırkı qanunvericilikdə də nəzərdə tutulur. Onun sözlərinə görə, əsas problem qanunun icrasının lazımi səviyyədə təmin olunmamasıdır.

“İndinin özündə də informasiya sorğularının cavablandırılmamasına görə məsuliyyət nəzərdə tutulur. Sadəcə, bu hal o qədər geniş yayılıb ki, çoxları buna məhəl qoymur. Nə qanunlara əməl edirlər, nə də vətəndaşların və jurnalistlərin informasiya əldə etmək hüququna lazımi hörmət göstərirlər”, – deyə o, vurğulayıb.
Azər Həsrətin sözlərinə görə, bəzi dövlət qurumları, özəl müəssisələr və iri şirkətlər jurnalistlərin sorğularını cavablandırmaqdan yayınmağa çalışır, bəzən isə qeyri-dəqiq və ya dolayısı cavablarla məsələni ört-basdır etməyə cəhd göstərirlər.
Bununla yanaşı, o, qeyd edib ki, fəaliyyətini peşəkar şəkildə quran mətbuat xidmətləri də mövcuddur:
“Elə qurumlar var ki, onların mətbuat xidmətləri həqiqətən peşəkar işləyir. Jurnalistin sorğusuna operativ cavab verilir. Məlumat həmin an mövcud deyilsə, onun hansı müddətdə təqdim ediləcəyi bildirilir və verilən vədə də əməl olunur. Belə müsbət nümunələr var.”
Ekspertin fikrincə, ümumi mənzərə ürəkaçan deyil və əksər mətbuat xidmətləri informasiya vermək əvəzinə jurnalistləri müxtəlif yollarla yubatmağa üstünlük verir.
“Əksər mətbuat xidmətləri jurnalistləri başdan etməyə çalışır. Bundan başqa, bəzi hallarda mediada və ya sosial şəbəkələrdə yayılan tənqidi materialların silinməsi üçün jurnalistlərlə əlaqə saxlayırlar. “Biz dostuq, münasibətlərimiz yaxşıdır, həmin tənqidi materialı götürsəniz, minnətdar olarıq” kimi xahişlər edilir. Bu cəhd nəticə verməyəndə isə bəzən təzyiq üsullarına da əl atılır. Beləliklə, mətbuat xidmətləri informasiya verməkdən daha çox təmsil etdikləri qurumlara yönələn tənqidləri neytrallaşdırmağa çalışırlar. Əlbəttə, bu fikirlər bütün mətbuat xidmətlərinə aid deyil”.
Müşviq Tofiqoğlu
KONKRET.az
