ABŞ–İran razılaşmasının detalları üzə çıxdı: Tehran uranı təhvil verəcək, Hörmüz açılacaqbackend

ABŞ–İran razılaşmasının detalları üzə çıxdı: Tehran uranı təhvil verəcək, Hörmüz açılacaq

ABŞ və İran arasında mümkün razılaşmanın ilkin layihəsinin detalları açıqlanıb. Sənəddə Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə verməsi, Hörmüz boğazının isə yeddi gün ərzində beynəlxalq gəmiçilik üçün açılması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı danışıqların ilkin çərçivəsinə dair əldə etdiyi məlumatlara istinadən məlumat yayıb.

Məlumata görə, müzakirə olunan layihədə İranın zənginləşdirilmiş uran ehtiyatlarını tərəflərin razılaşdıracağı üçüncü ölkəyə göndərməsi və ya uranın zənginləşdirilmə səviyyəsini aşağı salması təklif olunur.

Sənədə əsasən, ilkin razılaşmanın əldə edilməsindən sonra yeddi gün ərzində Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı üçün açılmalıdır.

Layihədə Çinin də xüsusi rolu nəzərdə tutulur. Pekinin mümkün razılaşmanın icrasına və uzunmüddətli davamlılığına təminat verən ölkələrdən biri kimi çıxış edə biləcəyi bildirilir.

Bundan başqa, ABŞ və İran nümayəndələrinin birbaşa danışıqlar aparması, görüşlərin isə İstanbul əvəzinə Qətərin paytaxtı Dohada keçirilməsi təklif olunur.

Razılaşmanın digər mühüm müddəası sanksiyalarla bağlıdır. Belə ki, İranın nüvə proqramı və dəniz təhlükəsizliyi sahəsində üzərinə götürəcəyi öhdəliklər müqabilində Vaşinqtonun iqtisadi sanksiyaları, blokadaları və digər məhdudiyyətləri mərhələli şəkildə yumşaltması nəzərdə tutulur.

İlkin layihədə tərəflərin öhdəliklərinin müstəqil yoxlama mexanizmi vasitəsilə qiymətləndirilməsi də təklif edilir. Həmçinin mümkün pozuntular və fikir ayrılıqlarının yeni hərbi qarşıdurmaya səbəb olmaması üçün vasitəçilərin və təminatçı ölkələrin iştirakı ilə mübahisələrin həlli mexanizminin yaradılması planlaşdırılır.

Razılaşma hələ sual altındadır

Qeyd edək ki, bu məlumatlar hələlik imzalanmış və tərəflər tərəfindən təsdiqlənmiş sənədə deyil, müzakirə olunan ilkin layihəyə aiddir.

Reuters-in oktyabrın 30-da yaydığı məlumata görə, Qətər vasitəçiləri ABŞ-İran razılaşması üzrə yeni təkliflərlə Tehrana qayıdıblar. Bununla belə, İran rəsmiləri əvvəlki təkliflərin qəbuledilməz olduğunu bildiriblər. Tərəflər arasında əsas fikir ayrılığı nüvə proqramı, sanksiyaların ləğvi və dəniz blokadasının aradan qaldırılması məsələlərinin hansı ardıcıllıqla həll olunacağıdır.

Beləliklə, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı güzəştlər Vaşinqtonla Tehran arasında mümkün anlaşmanın əsas şərtləri olaraq qalır.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*