Tanrı olduğunu düşünən diktator: 50 min insanı qətlə yetirdi, özünü Allah elan etdibackend

Tanrı olduğunu düşünən diktator: 50 min insanı qətlə yetirdi, özünü Allah elan etdi

Tarixi-publisistik araşdırma

47 il əvvəl, 3 avqust 1979-cu ildə Afrikanın Ekvatorial Qvineya dövlətində hərbi çevriliş baş verdi. Mərakeşdən gətirilmiş 400 muzdlu əsgər prezident Fransisko Masias Nqemanı hakimiyyətdən devirdi.

Deyə bilərsiniz ki, Afrikada növbəti dövlət çevrilişi baş verib. Nə olsun ki? Bu qitədə belə hadisələr az qala adi hala çevrilib. Hətta zarafatla demək olar ki, bəzi ölkələrin sakinləri səhər yuxudan oyananda ilk növbədə bu gün kimin hakimiyyətdə olduğunu öyrənirlər.

Amma bu hadisənin arxasında adi hakimiyyət dəyişikliyindən qat-qat dəhşətli bir tarix dayanır. Söhbət özünü az qala tanrı hesab edən, ölkəsini qan gölünə çevirən və on minlərlə insanın ölümünə səbəb olan bir diktatordan gedir.

Nazirlərin doğranan taleyi

Fransisko Masias Nqema 1968-ci ildə müstəqillik qazanan Ekvatorial Qvineyaya həmin vaxtdan rəhbərlik etməyə başladı. Təxminən 300 min əhalisi olan bu kiçik Afrika ölkəsi əvvəllər İspaniyanın müstəmləkəsi idi.

44 yaşlı Masias hakimiyyətə gələn kimi İspaniyadan olan fermerlərin torpaqlarını və mal-qarasını müsadirə etməyə başladı. Bu qərara etiraz edənlər isə mübahisə və müzakirəyə ehtiyac duyulmadan amansızcasına döyülür, öldürülürdülər.

Ölkədə başlanan bu özünəməxsus “milli inqilab” ispan fermerlərin heç də xoşuna gəlmədi. Nəticədə, təxminən 7 min İspaniya vətəndaşı ölkəni tərk edərək qaçmağa məcbur oldu.

İspaniyalıların müdafiəsinə qalxan daxili işlər naziri isə prezidentin qəzəbinə tuş gəldi. Masias onu bazar günü naharına dəvət etdi. Əvvəlcə hər iki ayağını sındırdılar, sonra həbsxanaya göndərdilər və nəhayət, öldürdülər.

Bundan sonra ölkə əhalisi anladı ki, prezidentlə mübahisə etmək, xüsusilə də bazar günləri, olduqca təhlükəlidir. Əslində, həftənin başqa günlərində də ondan narazılıq bildirmək məsləhət görülmürdü.

Nazirlər də bu qaydadan kənarda qalmadılar. Hökumətin 12 üzvündən 10-u edam edildi.

Diktatorun qəddarlığı bununla da bitmirdi. Ölkədən qaçan vətəndaşların sayını açıqlayan statistika bürosunun rəhbəri də onun qəzəbinə tuş gəldi. Məmur Ekvatorial Qvineyanı əhalinin təxminən yarısının tərk etdiyini bildirmişdi. Masias isə onu tikə-tikə doğratdıraraq istehza ilə guya “saymağı öyrətmək” istədiyini bildirirdi.

 

Keçmiş sevgililərinə də rahatlıq verməyən diktator onların sonradan ailə qurduğu kişiləri və həyat yoldaşlarını belə aradan götürürdü. Onun fikrincə, bir vaxtlar onunla münasibətdə olmuş qadınlar ömürlərinin sonunadək ona sadiq qalmalı idilər.

Nəhayət, prezident Milli Bankın rəhbərini də güllələtdi. Ölkənin qızıl ehtiyatları və xarici valyutası isə şəxsi nəzarətinə keçdi. Masias düşünürdü ki, pullar onun evində daha etibarlı qorunacaq.

Sonradan oğrulardan ehtiyat edərək dollarları bambuk meşəsində gizlətdi. Nəticədə, pulların yarısı rütubətdən çürüyüb yararsız hala düşdü.

“Allah yoxdur, Masiasdan başqa”

Bir müddət sonra Ekvatorial Qvineyada ziyalı təbəqəsi, demək olar ki, tamamilə yoxa çıxdı. Ölkədə ali təhsilli cəmi 10 nəfərin qaldığı bildirilirdi.

300 min nəfərlik əhalinin 125 mini ölkəni tərk etmiş, daha 50 min nəfəri isə öldürülmüşdü.

İnsanların qaçmasının qarşısını almaq üçün ölkənin xaricə aparan əsas yolları minalanmış, balıqçı qayıqları isə məhv edilmişdi. Beləliklə, insanların ölkədən nə quru, nə də dəniz yolu ilə çıxmasına imkan verilmirdi.

Masias hakimiyyətini möhkəmləndirmək üçün Vahid Milli Fəhlələr Partiyasını yaratdı. Ölkənin 14 yaşına çatmış bütün vətəndaşları bu təşkilata üzv qəbul edilirdi. İmtina edənləri isə ölüm gözləyirdi.

Maraqlıdır ki, maaş yalnız ordu və polis əməkdaşlarına verilirdi. Nazirliklərin binaları boş qalmış, dövlət idarələri faktiki olaraq fəaliyyətini dayandırmışdı. Bir tərəfdən, savadlı məmurların əksəriyyəti öldürülmüş və ya ölkədən qaçmışdı, digər tərəfdən isə dövlət müəssisələrində çalışanlara maaş ödənilmirdi.

Əhali ərzaq almaq üçün uzun növbələrdə dayanır, evlərdə elektrik enerjisi olmadan yaşayırdı.

Masias bütün bu fəlakətlərin səbəbini keçmiş müstəmləkəçilərdə görürdü:

“Bunlar lənətə gəlmiş müstəmləkəçilərin bizə miras qoyduğu problemlərdir. Narahat olmayın, tezliklə yaxşı yaşayacağıq!”.

Lakin diktatorun ən böyük problemi başqa idi. Ona elə gəlirdi ki, xalq bu qədər «möhtəşəm» rəhbəri kifayət qədər sevmir.

Buna görə də Masias ölkədəki keşişlərə dualar zamanı onun adını çəkməyi əmr etdi. Əvvəlcə “Allah Ekvatorial Qvineyanı Masiasın sayəsində yaradıb” ifadəsi işlədilirdi. Sonradan bu, daha açıq və iddialı şüarla əvəzləndi: “Allah yoxdur, Masiasdan başqa”

Nəticədə, katolik kilsələri bağlandı, onların binaları anbarlara çevrildi. Məntiq sadə idi: ölkənin tanrısı prezidentdirsə, kilsəyə nə ehtiyac var?

Eynək taxmaq qadağan edildi, “ziyalı” sözü təhlükəli elan olundu

Fransisko Masias Nqema heç vaxt yüksək təhsili və intellekti ilə seçilməmişdi. O, müstəmləkə administrasiyasında işləmək üçün keçirilən imtahanlardan yalnız dördüncü cəhddə, böyük çətinliklə keçə bilmişdi.

Ağıllı və savadlı insanlar onu qıcıqlandırırdı. Buna görə də diktator ölkədə eynək taxmağı qadağan etdi. Hətta «intellektual» sözünün işlədilməsi belə güllələnmə ilə nəticələnə bilərdi.

Onun məntiqinə görə, eynək taxanlar özlərini başqalarından üstün tutur, ziyalılar isə sadə xalqı alçaltmağa çalışırdılar.

Masiasın qəddarlığı bayram günlərində də davam edirdi. Milad bayramında Santa-Klaus geyiminə bürünmüş əsgərlər yüz müxalifətçini güllələyir, bu zaman fonda şən mahnılar səsləndirilirdi.

Nəhayət, belə idarəçilik diktatorun ən yaxın silahdaşlarını da bezdirdi.

3 avqust 1979-cu ildə onun qardaşı oğlu, polkovnik-leytenant Teodoro Obianq Nqema Mbasoqo Mərakeşdən gətirilmiş hərbçilərin köməyi ilə çevriliş etdi və əmisini hakimiyyətdən devirdi.

Masias iki çamadan dollar götürərək qaçmağa müvəffəq oldu. Lakin iki həftə sonra tutuldu.

Məhkəmədə keçmiş prezident özünü müdafiə etməyə çalışdı. Uşaqlıq travmalarından danışaraq bildirdi ki, atası ispan müstəmləkəçisi tərəfindən döyülərək öldürülüb, anası isə bundan sonra intihar edib. Guya bütün qəddarlığının səbəbi də məhz bu hadisələr olub.

O, əslində insanları və heyvanları sevdiyini iddia edir, azadlığa buraxılmasını və qalan pullarını xərcləmək üçün evinə qayıtmasına icazə verilməsini istəyirdi.

“Qəbirdən qalxıb sizin dalınızca gələcəyəm”

Məhkəmə Masiası ölüm hökmünə məhkum etdi. Lakin burada gözlənilməz problem ortaya çıxdı: ölkədə heç bir əsgər keçmiş prezidenti güllələmək istəmirdi.

Səbəb onun atası kimi meşə cadugəri nəslindən gəlməsi, qədim sehrbazların varisi hesab edilməsi idi. Masias da bu qorxudan istifadə edirdi.

O, mühafizəçilərinə söz verirdi ki, öldürüldükdən sonra qəbirdən qalxacaq, gecə onların yanına gələcək və qaraciyərlərini yeyəcək.

Belə hədələrdən sonra onu güllələmək istəyənlərin sayı daha da azaldı.

Kənardan bu, absurd görünə bilər. Ancaq yerli inancların və qara magiyaya bağlı xurafatların güclü olduğu cəmiyyətdə belə qorxular real təsirə malik idi.

Lakin yeni prezident Teodoro Obianq çıxış yolunu tapdı. O, yenidən Mərakeşdən muzdlu əsgərlər dəvət etdi. Bu əsgərlər isə yerli sehr, cadugərlik və qəbirdən dirilmə hekayələrinə inanmırdılar.

Müvafiq ödəniş qarşılığında Mərakeş hərbçiləri Fransisko Masias Nqemanı edam etdilər.

Diktator güllələnmə zamanı belə özünü itirmədi. Rəvayətlərə görə, o, tüfənglərin lüləsi qarşısında gülümsəyir, sanki həqiqətən də ölümdən sonra diriləcəyinə inanırdı.

Lakin 40 güllə onun həyatına son qoydu. Bu dəfə qəbirdən qalxmaq mümkün olmadı.

Diktator getdi, diktatura qaldı

Beləliklə, Afrikanın kiçik bir dövlətində adi müstəmləkə məmuru kimi fəaliyyətə başlamış bir şəxs hakimiyyətə gəldikdən sonra tarixdə ən qəddar diktatorlardan birinə çevrildi.

Amma bu hekayənin ən maraqlı və düşündürücü tərəfi bundan sonra başlayır.

Əmisini hakimiyyətdən devirən Teodoro Obianq Nqema Mbasoqo ölkəyə rəhbərliyi öz üzərinə götürdü və onilliklərdir hakimiyyətdə qalır.

O, əlbəttə, Masias qədər açıq və nümayişkaranə qəddarlıq göstərməsə də, ölkədə avtoritar idarəçilik ənənələri davam etdi. Eynək taxmağa icazə verdi, yolları minalardan təmizlətdi. Bununla belə, siyasi rəqiblərə qarşı repressiyalar, həbslər və insan hüquqlarının pozulması ilə bağlı ittihamlar onun hakimiyyəti dövründə də gündəmdən düşmədi.

Daha qəribəsi isə odur ki, Masiasın devrilməsindən sonra hakimiyyətə gələn Obianqın şəxsiyyətinə də ilahi məna yüklənməyə başladı.

Mətbuatda onun “göylərdəki Allahla müqayisə edilə biləcək” şəxs olduğu, “Uca Yaradanla daim ünsiyyətdə olduğu” barədə ifadələr yer alırdı. Ölkənin dövlət radiosu isə prezidentin yalnız insanlar üzərində deyil, hətta əşyalar üzərində də hakimiyyətə malik olduğunu bəyan etmişdi.

Təsəvvür edin, evinizdə bir divan var, amma onun üzərində belə prezidentin hakimiyyəti olduğu iddia edilir.

Əslində, bu hekayə təkcə Afrikanın kiçik bir dövlətinin qanlı tarixindən ibarət deyil. O, hakimiyyətin nəzarətsiz qaldığı, şəxsiyyətə pərəstişin dövlət siyasətinə çevrildiyi və cəmiyyətin qorxu altında yaşamağa məcbur edildiyi zaman nələrin baş verə biləcəyini göstərən dəhşətli nümunədir.

Bir diktator devrildi, amma onun yaratdığı idarəçilik sistemi tamamilə yox olmadı. Çünki bəzən bir şəxsi hakimiyyətdən uzaqlaşdırmaq asandır, onun formalaşdırdığı siyasi düşüncəni və qorxu mühitini aradan qaldırmaq isə onilliklər tələb edir.

Deyirlər, sakit axan suyun dərinliyində şeytan yatır. Ekvatorial Qvineyanın tarixində isə həmin “sakit gölməçə”nin suyu deyil, insan qanı axırdı.

Fotolar:

* Birinci fotoda: Ekvatorial Qvineyanın keçmiş prezidenti Fransisko Masias Nqema.

* İkinci fotoda: Onu hakimiyyətdən devirən və sonradan ölkəyə rəhbərlik edən Teodoro Obianq Nqema Mbasoqo.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*