1920-ci illərdə Sovet Rusiyasının Türkiyədəki səfiri olmuş Semyon İvanoviç Aralov öz xatirələrində Mustafa Kamal Paşanın Konya səfəri zamanı yaşadığı maraqlı hadisəni qələmə alıb.
Həmin xatirələrdə din xadimlərinin mövqeyi, mədrəsələrin vəziyyəti və Türkiyənin İstiqlal müharibəsi dövründə cəmiyyət qarşısında dayanan vəzifələr barədə diqqətçəkən məqamlar yer alır.
Semyon İvanoviç Aralovun “Bir sovet diplomatının Türkiyə xatirələri” kitabından:
Konya
Həmin gecə iki mədrəsəyə baş çəkdik.
Mədrəsənin həyətində demək olar ki, hamısı gənc olan, sağlam və gümrah tələbələr sıra ilə düzülmüşdülər. Onların yanında geniş cübbəli, ağ əmmaməli müəllimlər də dayanmışdılar. Hamısı Mustafa Kamal Paşanı dərin ehtiramla salamlayırdı.
Onların arasından biri – digərlərindən daha nüfuzlu və söz sahibi olan şəxs Mustafa Kamal Paşadan mədrəsələrin sayının artırılmasını xahiş etdi. Bundan başqa, mədrəsə tələbələrinin hərbi xidmətə çağırılmamasını da rica etdi.
Müəllim danışarkən Mustafa Kamalın özünü güclə saxladığı hiss olunurdu. Lakin mədrəsə tələbələrinin əsgərliyə aparılmaması məsələsi ortaya çıxanda artıq səbrini itirdi. Səsini yüksəldərək sərt şəkildə dedi:
– Nədir, məgər sizin üçün mədrəsə Yunanıstanı məğlub etməkdən, xalqı zülmdən xilas etməkdən daha vacibdir? Millət qan içində boğularkən, xalqın ən yaxşı övladları cəbhələrdə döyüşərək Vətən uğrunda canlarından keçərkən, siz burada gənc, sağlam və qüvvətli oğlanları bəsləyib saxlayırsınız!
Mustafa Kamal danışdıqca gözlərindəki qəzəb daha da artırdı.
– Bu avaraların hərbi xidmətə çağırılması üçün elə sabah əmr verəcəyəm!
Müəllimlər susdular. Lakin üzləri qəzəbdən qıpqırmızı olmuşdu. Çünki hökumət başçısı onları yad adamların qarşısında sərt şəkildə danlamışdı.
Mustafa Kamal Paşa bizə tərəf dönərək dedi:
– Gedək! Artıq burada bizim üçün görüləsi bir iş qalmayıb.
Sonra könülsüz şəkildə başı ilə salam verərək oradan uzaqlaşdı.
Avtomobildə Mustafa Kamal Paşa uzun müddət sakitləşə bilmədi.
– Müharibə başa çatandan sonra onlarla daha ciddi danışacağam! İlk növbədə onları maliyyə dayaqlarından – vəqflərdən məhrum edəcəyəm. Ölkə torpaqlarının böyük bir hissəsi, az qala üçdə ikisi, bəlkə də daha çoxu vəqflərin əlindədir. Bu torpaqlar mollaların dolanışıq mənbəyidir. Onların əksəriyyəti vaxtilə kəndlilərin əlindən alınmış torpaqlardır. Buna son qoyacağıq. Bir də utanmadan hökumətdən yardım istəyirlər.
Mustafa Kamal Anadolu torpaqlarında bizim indicə gördüyümüz sağlam, gümrah gəncləri hərbi xidmətdən kənarda saxlayan 17 min mədrəsənin olduğunu bildirdi. Bu isə bütöv bir ordu korpusunun sayı demək idi.
Mən ondan mədrəsə tələbələrinin indiyədək nə üçün hərbi xidmətə çağırılmadığını soruşdum. Mustafa Kamal cavab verdi ki, onların da hərbi xidmətə cəlb olunması üçün artıq müvafiq əmr verilib.
Bu islahatçı addım zabitlər arasında böyük sevinc yaratmışdı. Hadisə son günlərdə hərbçilər arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilmişdi.
Mənbə: Semyon İvanoviç Aralov – “Bir sovet diplomatının Türkiyə xatirələri”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
