İsrail İrana qarşı yeni hərbi əməliyyat ehtimalını istisna etmir. Təl-Əviv Tehran nüvə və ya ballistik raket proqramlarını yenidən bərpa etməyə cəhd göstərərsə, ölkəyə yenidən zərbələr endirəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin energetika və infrastruktur naziri Eli Kohen “Ynet”ə müsahibəsində bildirib.
Kohenin sözlərinə görə, İran ABŞ-la yeni razılaşma əldə etsə belə, bu, İsrailin öz təhlükəsizliyini təmin etmək üçün hərbi addımlar atmasına mane olmayacaq.
“Əgər İran səhvə yol verərək nüvə proqramını və ya ballistik raket proqramını yeniləməyə cəhd edərsə, ABŞ-la razılaşma olsa belə, biz zərbə endirəcəyik”, – deyə nazir bildirib.
Kohen İsrailin İranın nüvə proqramına qarşı həyata keçirdiyi əvvəlki əməliyyatların Tehranı bir neçə il geriyə saldığını iddia edib. Onun sözlərinə görə, İsrailin kəşfiyyat qiymətləndirməsinə əsasən, birgə ABŞ-İsrail zərbələri İranın nüvə proqramının inkişafını iki-dörd il gecikdirib.
Günay Əli
KONKRET.az
