Bir vaxtlar İstanbulun əfsanəvi fırıldaqçısı kimi qəzetlərin manşetlərinə çıxan, televiziya proqramlarında haqqında danışılan Sülün Osmanın əsl adı Osman Ziya Sülündür. Onun ilk məşhur fırıldaqlarından biri 1948-ci ildə Fatihdə ev sahibini aldatması ilə bağlı olub.
Xüsusilə 1950–1960-cı illərdə törətdiyi əməllərlə ad çıxaran Sülün Osman özünü ağıllı hesab edən, asan yolla qazanc əldə etmək istəyən insanlara dövlətə məxsus obyektləri satması ilə məşhurlaşıb. O, İstanbulun Qalata körpüsünü, tramvaylarını, Qalata qülləsini, Qız qalasını, Əminönü və Dolmabağça saat qüllələrini, eləcə də şəhər xətlərinə məxsus sərnişin gəmilərini dəfələrlə satıb.
Sülün Osman özünü müdafiə edərkən iddia edirdi ki, əslində, aldatdığı adamlar onu aldatmaq niyyətində olan şəxslərdir. O, bu barədə danışarkən belə bir əhvalat nəql edib:
“Əslində, mənim aldatdığım adamların özləri fırıldaqçı idilər. Çünki mənə yaxınlaşmaqda məqsədləri məni aldatmaq idi.
Axşam vaxtı bir adamın qarşısına on ədəd bilərziklə çıxıram. Zərgərlik mağazasının qapısındayıq, amma dükan bağlıdır. Ona həyat yoldaşımın xəstə olduğunu, bilərzikləri təcili satmalı olduğumu, xəstəxanada lazım olan dərmanları almaq üçün növbətçi aptekə getməli olduğumu danışıram.
Bilərziklər həqiqidirsə, onların qiyməti min lirədir. Deyirəm ki, mənə cəmi 300 lirə lazımdır. Qalan pul vecimə deyil, təki həyat yoldaşım əməliyyat masasında qalmasın.
Adam isə düşünür ki, səhər zərgərə gedib bilərzikləri min lirəyə sata, beləliklə, bir neçə saata heç nədən 700 lirə qazana bilər. Bu zaman mənim köməkçim də ortaya çıxır və bilərzikləri almaq istədiyini bildirir.
Heç kim ona demir ki, ay adam, min lirəlik bilərziyi 300 lirəyə almağı düşünəndə məqsədin nə idi? Aydındır ki, o da məni aldatmaq istəyirdi. Mən həyatım boyu məni aldatmağa cəhd etməyən heç kəsi aldatmamışam”.
Saat qülləsini necə satırdı?
Danışılanlara görə, Sülün Osman adamları ilə birlikdə Dolmabağça Sarayındakı saat qülləsinin qarşısına gedər, ətrafda dolaşan, sadəlövh görkəmli və pulu olan bir şəxsi gözaltı edərdi. Sonra həmin adamın görə biləcəyi yerdə dayanardı.
Bu vaxt onun əlaltıları əvvəlcədən razılaşdırılmış plan üzrə meydana gələr, Dolmabağça Saat Qülləsinə baxaraq öz saatlarını qurardılar. Ardınca Sülün Osmana yaxınlaşıb guya saatlarını qurduqları üçün ona pul ödəyər və oradan uzaqlaşardılar.
Bu mənzərə özünü hamıdan ağıllı hesab edən, qısa yolla varlanmağın sirrini tapdığını düşünən şəxsin diqqətini çəkərdi. Bir qədər söhbətdən sonra Sülün Osman həmin vətəndaşa Dolmabağça meydanındakı saat qülləsini satmağı təklif edərdi.
İstanbul tramvaylarını kəndliyə necə satdı?
Bir gün Sülün Osman İstanbulun Beyoğlu rayonunda, İstiqlal küçəsində yerə çömələrək gəlib-keçən insanları seyr edirmiş. Bu vaxt yanından keçən bir nəfər dayanaraq ondan nə etdiyini soruşur.
Sülün Osman kişini başdan-ayağa süzür və ondan yaxşı “müştəri” çıxacağını anlayır.
— Bu gəlib-gedən tramvaylar mənimdir. Tramvaylarda nə qədər sərnişin olduğunu, sürücülərin işlərini yaxşı görüb-görmədiklərini yoxlayıram, — deyə cavab verir.
Söhbət uzandıqca o, qarşısındakı şəxsin yad olduğunu düşünərək soruşur:
— Əmi, deyəsən, buralı deyilsən. Nə işlə məşğulsan?
Kişi traktor almaq üçün İstanbula gəldiyini, lakin pulunun çatmadığını söyləyir.
Sülün Osman fürsəti əldən vermir:
— Əmi, bu yaşdan sonra traktor sənə nəyə lazımdır? Traktorun xərci çoxdur. Mazutu var, ehtiyat hissələri var. Sənə böyük xərc açacaq. Bax, bu tramvayların hamısı mənimdir. Artıq hamısına nəzarət edə bilmirəm.
Müştəri tapdıqca onları bir-bir satıram. Bunlar dəmirdəndir, asanlıqla xarab olmaz. Axşam elektrikə qoşarsan, səhər işə salıb sürərsən. Kənddə də, qəsəbədə də, hər yerdə işləyər. Səni bəyəndim, birini sənə sərfəli qiymətə verim. Bununla yaxşı pul qazanarsan.
Kişi bu təklifə inanır və soruşur:
— Tramvaylardan birini neçəyə satarsan?
Sülün Osman isə dərhal qiyməti müzakirə etməyə başlayır:
— Sənin traktor üçün gətirdiyin pul buna çatmaz. Amma məndə bunlardan çoxdur. Birinin əskik olması nəyi dəyişəcək? Bax, indi 484 nömrəli tramvay keçir. Bundan başqa, altı yüz dənə də var. Sənin xətrini çox istəyirəm. Birini sənə verəcəyəm. Amma bu yaxşılığın qədrini bil. İndi al, yoxsa fikrimi dəyişərəm!
Sülün Osman danışığı ilə kişini inandırır və tramvayı almağa razı salır.
Sonra cibindən ağ kağız çıxarıb onun adına bir sənəd yazır. İmzalar atılır, barmaq izləri qoyulur. Sülün Osman pulları alır, müştərisi ilə sağollaşaraq “xeyirli olsun” deyir.
Ardınca kişini tramvaya mindirir və tapşırır:
— Son dayanacaqda bu sənədi sürücüyə göstər, tramvayını təhvil al.
Tramvay son dayanacağa çatanda sürücü sərnişinin düşmədiyini görüb ona səslənir:
— Həmyerli, son dayanacaqdır. Düş aşağı!
Kişi əlindəki sənədi göstərərək tramvayı satın aldığını, əslində, sürücünün düşməli olduğunu bildirir.
Mübahisə yaranır, polis çağırılır. Kişi sənədi polislərə də göstərir. İmzanı görən polislər dərhal vəziyyəti anlayırlar:
— Bu, Sülün Osmanın işidir!
Hadisə mətbuata çıxır. Traktor almaq ümidi ilə İstanbula gələn zavallı kəndli isə cibində qəpik-quruşu belə qalmadan doğma kəndinə qayıtmalı olur.
Cənnətdən də yer satmışdı
1970-ci illərdə Sülün Osman TRT-də Cenk Koray və Güneş Tecellinin aparıcısı olduğu “Telespor” proqramının qonağı olub, müxtəlif macəralarını danışıb.
Onun öz sözlərinə görə, satdığı obyektlər arasında İzmir Saat Qülləsi, İstanbul Universitetinin həyəti, hətta bir hacıya cənnətdən yer də olub.
Verilişdə ondan törətdiyi əməllərə görə peşman olub-olmadığı, tövbə edib-etmədiyi soruşulanda belə cavab verib:
“Tövbə etdim. Amma bəzi adamların üzünə baxanda, alınlarındakı yazını görəndə tövbəmi pozdum. Çünki onların alnında belə yazılıb: ‘Mən axmağam, gəl məni aldat!’”
Həbsxanada “alın təri” mövzusunda mühazirə
Qalata körpüsünü satmağa çalışarkən yaxalanması ilə də tanınan Sülün Osman özünü adi fırıldaqçı hesab etmirdi. O, sanki bu işin kitabını yazmış, özünəməxsus fəlsəfəsini yaratmış bir adam kimi davranırdı.
1962-ci il aprelin 20-də həbsdə olduğu vaxt “Alın təri ilə yaşamaq” mövzusunda mühazirə oxuması da onun həyatının ən qəribə epizodlarından biri kimi xatırlanır.
Onun yaxalanması ilə bağlı rəvayətlərdən birinə görə, Qalata qülləsini satmağa çalışarkən təsadüfən ifşa olunub. Məhkəmədə isə özünü belə müdafiə etdiyi söylənilir:
“Bağışlayın, hakim bəy, bu ölkədə Qalata qülləsini alacaq eşşəklər olduğu müddətdə mən də onu satacağam!”
1969-cu ildə amnistiyadan yararlanaraq həbsdən çıxan Sülün Osman dörd il sonra falçılıq və cadugərliklə bağlı ittihamlar əsasında yenidən saxlanılıb və həbsə göndərilib.
Lakin o, bu ittihamları qəbul etməyərək belə deyib:
“Şöhrətimi fırıldaqçılıqla qazanmışam. Üfürükçülük edərək bu şöhrətə ləkə gətirmərəm”.
Əziz Nesinlə məhkəmə çəkişməsi
Sülün Osmanla bağlı daha bir maraqlı əhvalat məşhur türk yazıçısı Əziz Nesinlə münasibətlərinə aiddir.
Əziz Nesin “Kazan Töreni” adlı hekayəsində “Sülün Osman pırrr” ifadəsindən istifadə edib. Bu ifadədən narazı qalan Sülün Osman yazıçını məhkəməyə verib.
Onun macəraları Almaniyada nəşr olunan “Bunte” jurnalında da işıqlandırılıb.
Kimsəsizlər qəbiristanlığında dəfn edildi
Sülün Osman 1984-cü ildə Beyoğlunda, tez-tez qaldığı otellərdən birində ürək tutmasından vəfat edib. Üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün kimsəsizlər qəbiristanlığında dəfn olunduğu bildirilir.
Beləliklə, İstanbulun ən məşhur fırıldaqçılarından biri kimi tarixə düşən Sülün Osman özündən sonra yalnız qəribə əhvalatlar deyil, insan tamahının, asan qazanc arzusunun və sadəlövhlüyün necə istismar oluna biləcəyini göstərən bir hekayələr silsiləsi də qoyub getdi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
