“İranın Yaxın Şərqdə dəstək verdiyi proksi qüvvələr sıradan çıxarılır. İsrailin “Hizbullaha” qarşı hərbi əməliyyatları, bu təşkilatı kifayət qədər zəiflətməklə Livanın siyasi səhnəsindən siləcək. Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması, ABŞ-nin strateji prioriteti olaraq İsrail vasitəsilə həyata keçirilir”.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İran uzun illərdir, “Hizbullah” vasitəsilə İsraili və Livan hakimiyyətini təhdid altında saxlayırdı:
“Hizbullah”ın zəiflədilməsi Livanın İrandan tam asılılığına son qoyacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşdıracaq. Bununla da Livanın siyasi sistemi sabitləşəcək. Həmçinin bu, müstəqil Fələstin dövlətinin tanınmasına yol açılacaq. İran hakimiyyəti də proseslərin fərqindədir. Bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqların aparılması istisna deyil. ABŞ regiona əlavə qüvvələr göndərməklə Tehranı mümkün hərbi təxribatlardan çəkindirməyə çalışır”.
Politoloqun sözlərinə görə, ABŞ Yaxın Şərqə yeni siyasi dizayn verməklə “ərəb baharında” buraxılmış strateji səhvlərini düzəltmək istəyir.
“Əgər, İran “Hizbullah” və Husilərə görə müharibəyə qatılarsa, ölkə daxilində parçalanma qaçılmaz ola bilər. Məhz Pezeşkianın Azərbaycan, Bəlucistan kimi vilayətlərdə müstəqillik meyllərinin güclənməsinin İran üçün təhlükə yaratdığını bəyan etməsi bununla bağlıdır”.
Aygün,
KONKRET.az